Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) təşkilatçılığı ilə ABŞ-da yaşayan icma üzvləri Novruz bayramı münasibətilə bir araya gəlib.

Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzindən Open.az-a verilən məlumata görə, onlayn keçirilən tədbirdə ABŞ-ın müxtəlif ştatlarında yaşayan icma fəalları və bu ölkədə fəaliyyət göstərən bir sıra azərbaycanlı musiqişünas və sənətkarlar iştirak ediblər. Tədbirə xüsusi qonaq qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da qoşulub.

E.Süleymanov çıxış edərək, icmanı Novruz bayramı münasibətilə təbrik edib və builki bayramın torpaqlarımızın işğaldan azad olunması səbəbilə xüsusi olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailəsi ilə birlikdə builki Novruz tonqalını Şuşada – Cıdır düzündə alovlandırmasını ölkəmiz və xalqımız üçün təntənəli hadisə olduğunu qeyd edib.

Novruzun həm də birlik bayramı olmasını qeyd edən səfir, martın 19-da yeddi ölkənin, o cümlədən Azərbaycanın ABŞ-da fəaliyyət göstərən səfirliklərinin bir araya gələrək bayramı qeyd etdiyini bildirib. Tədbirdə ABŞ dövlət katibi Entoni Blinkin və digər ABŞ rəsmiləri Novruz bayramını qeyd edən xalqları təbrik edib və hər bir ölkənin təqdimatı keçirilib.

Tədbirdə müxtəlif ştatlarda yaşayan icma üzvləri çıxış edib və bayram təbriklərini bölüşüblər. Meyn ştatından Azərbaycan Cəmiyyətinin təsisçisi və prezidenti, Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinin (CASA) idarə heyətinin üzvü Tərlan Əhmədov, Şimali Karolina ştatından Rüfət Nadir, Texasda Amerika Azərbaycanlıları Koordinasiya Şurasının təmsilçisi Samir Novruzov, Hyuston şəhərində Azərbaycan Mərkəzinin təsisçisi və prezidenti İradə Axundova, Minnesota ştatından Günel Rallis, Nyu York şəhərindən Mehriban Nəsibova, eləcə də icma fəallarımız Həbib Azərsina, Arman Salmasi və digərləri təbriklərini çatdırıblar. Çıxışlarda Qarabağ zəfərinin hər bir azərbaycanlıda ruh yüksəkliyi yaratdığı və bunun davamlı olması üçün xaricdə yaşayan həmvətənlərimizin eyni qayə ətrafında daha sıx birləşməsinin vacibliyi xüsusilə vurğulanıb. Bu xüsusda, 44 günlük müharibə dövründə icmalarımızın göstərdiyi birlik və davamlı aparılan təbliğat fəaliyyətlərinə də toxunulub.

Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru Dr.Cəmilə Cavadova-Spitzberg Azərbaycan klassik musiqinin tarixindən danışaraq, Şuşa şəhərinin Azərbaycanın musiqi ənənələrinin formalaşmasındakı əhəmiyyətini vurğulayıb. O, tanınmış bəstəkar Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasını və “O olmasın bu olsun” operettasından “Deyirlər toy olacaq” səhnəsini xatırladaraq ermənilərin bu əsərlərin erməni musiqisi kimi qələmə vermək cəhdlərindən, eləcə də Azərbaycan mədəniyyət işçilərinin buna qarşı mübarizəsindən danışıb.

Çıxışlar və bayram təbrikləri ilə yanaşı, hazırda ABŞ-da yaşayan istedadlı pianoçu və Azərbaycan caz sənətinin müasirlərindən olan Emil Əfrasiyab və xanımı Leyla Babayeva Əfrasiyabın ifasında Üzeyir Hacıbəyov və Vaqif Mustafazadə yaradıcılığından əsərlər də səsləndirilib.