ABŞ-da koronavirusdan müalicə almasına baxmayaraq dünyasını dəyişən Natiq Qasımov Nyu-Cersi əyalətində yerləşən Azərbaycan qəbirstanlığında dəfn edilib.

Open.az “Report”a istinadən xəbər verir ki, N. Qasımovun dəfn mərasimində yalnız mərhumun həyat yoldaşı Farzadə Qasımova iştirak edə bilib.

F. Qasımova deyib ki, həyat yoldaşı bunun üçün ayrılmış xüsusi şəxslər tərəfindən dəfn edilib:

“Dəfndə sadəcə mən iştirak edə bildim. Koronavirusa görə, başqa heç kimin gəlməsinə icazə verilmədi. On ildir ABŞ-da yaşayırıq, iki qızım və bir oğlum var. Qızlarım Azərbaycanda, oğlum isə Kanada yaşayır. Natiq Azərbaycanla nəfəs alırdı”.

Təxminən 22 gün öncə xəstəxanaya aparılan Natiq Qasımovun daha öncə səhhətində heç bir problemin olmadığını deyən Farzadə Qasımova həyat yoldaşının itkisini qəbul edə bilmir:

“Onun vəfat etdiyinə hələ də inana bilmirəm. Qızdırması vardı, nəfəs çatışmazlığı yaşayırdı. Özünü yaxşı hiss etmədiyini dedi və təcili yardıma zəng etdik. Xəstəxanada analizlər verdik, vəziyyəti hər gün bir qədər yaxşılaşırdı. Sonradan nə oldu bilmirəm. Qızdırması 40 dərəcəyə yüksəldi və onu xüsusi nəfəs aparatına qoşdular. Nə oldusa orada oldu. Həmin xəstəxanada Natiq koronavirusa yoluxdu. Artıq böyrəkləri də fəaliyyətini dayandırmışdı. Onun öldüyünə hələ də inana bilmirəm. Çünki, xəstəxanaya gedəndə onun səhhətində heç nə yox idi”.