Bakıda Azərbaycan və Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının daha da inkişaf etdirilməsi, eyni zamanda ölkələrarası ikitərəfli sazişin tələblərinin icrası ilə əlaqədar Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Open.az bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) istinadən xəbər verir.

Məlumata görə, Türkiyə nümayəndə heyətinə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsinin rəisi Mahmut Gürses, Azərbaycan nümayəndə heyətinə DANX-nin rəisi Həbib Həsənov rəhbərlik edib.

İclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları müzakirə edilib. Bundan başqa, Bakı-İstanbul-Bakı sərnişindaşıma marşrutlarında iştirak edən avtobusların sayı ilə əlaqədar paritetliyin gözlənilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı qarşıda duran məsələlər, 25 ildən artıq müddət ərzində "mühasirə" şəraitində yaşayan və fəaliyyət göstərən Naxçıvan MR avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı əlverişli şəraitin yaradılması, 2020-ci ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, müvafiq protokol imzalanıb.