Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) planauyğun şəkildə yataqların kəşfiyyatından, karbohidrogenlərin nəqlindən tutmuş son emal prosesinə qədər bütün fəaliyyət sahələrində rəqəmsallaşdırma proqramını uğurla həyata keçirir.

Open.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.

Onun sözlərinə görə, xarici tərəfdaşlarla birgə həyata keçirilən layihələr bu uğurların qazanılmasında mühüm rol oynayıb: “Əməkdaşlıq fəaliyyətlərimiz boyunca qiymətli təcrübə əldə edərək, qabaqcıl praktikanın mənimsənilməsi üzrə uzun bir yol keçmişik. SOCAR bu gün SAP UFAM əsasında “Rəqəmsal yataq” layihəsinə start verərək, neft və qazçıxarma əməliyyatlarını təkmilləşdirir. Bununla da SAP UFAM (SAP və OIS-in birgə həlli) istehsal proseslərini vahid sistemdə birəşdirərək, müəssisənin rəqəmsal nüvəsi olan SAP ERP proqram təminatı ilə inteqrasiya edəcək”.

R.Abdullayev qeyd edib ki, bütün neft hasilatı proseslərinin inteqrasiyalı planlaşdırılması, modelləşdirilməsi, təhlili və monitorinqinə imkan verən vahid məlumat mənbəyinin yaradılması layihəsi SOCAR, “Caspian Innovation Center” (Xəzər İnnovasiya Mərkəzi), “SAP Digital Business Services” və OIS əməkdaşları tərəfindən mərhələli olaraq həyata keçirilir: “İlk növbədə əsas biznes prosesləri, verilənlər və onların SOCAR-ın ölçmə sistem-mənbələrinə inteqrasiyası, korporativ verilənlər anbarı və SAP ERP rəqəmsal nüvəsi ilə inteqrasiyası üzrə həllər işlənib hazırlanıb. Artıq SOCAR-ın iki neftqazçıxarma idarəsində rəqəmsal üsul razılaşdırılmış alqoritmlər sistemində reallaşdırılıb və sınaqdan keçirilib. Geoloji-texnoloji tədbirlərin seçilməsi, quyuların işinin təhlili, istehsalat prosesinin interqasiyalı modeli və planlaşdırılması üzrə rəqəmsal platformanın funksionallığı nümayiş etdirilib. Əsas istifadəçilər üçün təlimlər keçirilib, eləcə də müxtəlif məlumat qruplarının yoxlanılması və sistemə yüklənməsi üçün qruplar üzrə məsul mütəxəssislər təyin olunub. Rəqəmsal platforma itkilərin əhəmiyyətli dərəcədə azaldılmasına, qərarvermənin dəstəklənməsinə, statik və dinamik məhdudiyyətlərin hesablanması üçün daimi fəaliyyətdə olan aktiv modelin yaradılmasına, bütün biznes obyektlərinin (quyu, boru kəməri, yerüstü avadanlıq, energetika obyektlər və s.) monitorinq panelindəki xəritədə real vaxt rejimində əks olunmasına və onların pasportlarının, son və cari iş parametrlərinin tərtib edilməsinə imkan verir”.

Onun sözlərinə görə, SOCAR-ın Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən müəssisələrində vahid konsepsiya əsasında yüksək texnologiyaların tətbiqi üzrə rəqəmsal yol xəritəsi hazırlanıb və uğurla icra olunmaqdadır: “Yol xəritəsi fəaliyyət istiqamətlərimizi bütövlikdə əhatə edir. Pandemiya şəraitinə baxmayaraq, Heydər Əliyev adına Neft Emalı Zavodunun və “Azərikimya” İstehsalat Birliyinin qrafikə uyğun olaraq davam etdirilən modernizasiya prosesləri çərçivəsində həyata keçirilən layihələrə verilən mütləq tələblərdən biri də tikinti-quraşdırma və yenidənqurma işlərinin ən mütərəqqi texnoloji səviyyədə həll edilməsidir”.