Quba Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Open.az-a verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi A.Abayev və orada olan 27 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.