İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsinin qalıqları tapılıb.

Open.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat verilib.

Qalıqlar Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən aşkar edilib.

Bildirilib ki, R.Atakişiyevin meyitinin və “qara qutu”nun axtarılması istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.