Martın 24-də Qaradağ Rayon İcra Hakimiyyətində Süleyman Mikayılovun sədrliyi ilə 2020-ci il 14 mart tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilib.

Rayon icra hakimiyyətindən Open.az-a verilən məlumata görə, müşavirədə qeyd edilib ki, rayonda gündəlik genişmiqyaslı dezinfeksiya işləri aparılır və bu işlərə nəzarət məqsədi ilə monitorinqlər keçirilir. Bildirilib ki, rayonun Lökbatan və Ələt qəsəbələrində ciddi nöqsanlara yol verilib və bu qəsəbələrdə aparılan dezinfeksiya işləri qeyri-qənaətbəxş hesab olunub.

Rayonda aparılan dezinfeksiya işlərində buraxılmış nöqsanlara görə rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verilib, Ələt qəsəbə nümayəndəsi Eldar İbrahimov tutduğu vəzifədən azad edilib.

Qaradağ rayonunun qəsəbələrində gündəlik aparılan dezinfeksiya işləri ciddi müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqlar təhlil edilib.

Sonra mövcud olan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib və ciddi şəkildə bildirilib ki, gələcəkdə öz işlərində nöqsanlara yol vermiş şəxslər cəzalandırılacaqlar.