Qarabağın 30 ilə yaxın ermənilər tərəfindən işğalı oradakı mədəni irsin dağıdılmasına səbəb oldu. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bu irsin yenidən bərpa olunacağı ilə bağlı TRT Deutsch-a müsahibə verib.

Mərkəzdən Open.az-a verilən məlumata görə, R.Həsənov qeyd edib ki, Qarabağ tarixboyu Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olub. Bu tarixi ərazilər Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində işğal olunub və regionda Azərbaycanın mədəni irsi tamamilə silinməyə çalışılıb. Son 30 il ərzində Qarabağda azərbaycanlıların etnik təmizlənməsi ilə yanaşı, mədəniyyəti də soyqırımına məruz qalıb. Nəhayət ki, Azərbaycan işğal altındakı öz tarixi torpaqlarını azad etməklə tarixi ədaləti bərpa etdi. Bundan sonra qarşımızda duran əsas məsələ Qarabağda yeni quruculuq işlərinin aparılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına tez zamanda qayıtması olacaqdır. Azərbaycan tarixən multikulturalizm ənənələrinə bağlı olub və bu, bu gün də bizim dövlət siyasətimizdir. Bu siyasət əlbəttə ki, Qarabağda da həyata keçiriləcək. Azərbaycanda bütün dinlər sərbəst şəkildə mövcuddur və onların dini ibadətgahları da dövlət tərəfindən tikilir, bərpa olunur və qorunur. Qarabağda mövcud olan dini ibadətgahlar da öz həqiqi sahiblərinə qaytarılacaq, dağıdılan və dəyişdirilən məscidlər, kilsələr yenidən bərpa olunacaq.

R.Həsənov daha sonra bildirib ki, Ermənistanın Qarabağda 30 ilə yaxındır beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, müharibə cinayətləri törətməsinə baxmayaraq, Azərbaycan dövlətinin heç bir fəaliyyəti bir xalqa və ya mədəniyyətə qarşı olmayıb və bundan sonra da olmayacaqdır. Bunun ən bariz nümunəsi odur ki, bu gün də Azərbaycan ərazisində ermənilər açıq şəkildə yaşayır. Onlara qarşı heç bir təzyiq göstərilmir. Bakı şəhərinin mərkəzində erməni kilsəsi və həmin kilsədə ermənilərin dini ədəbiyyatı qorunub saxlanıb, hətta dövlət tərəfindən bərpa edilibdir. Bu siyasət Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi önəmdən irəli gəlir. Qarabağda quruculuq işlərindən sonra da bu, belə davam edəcək.

Mədəni irsin qorunması ilə bağlı son zamanlar UNESCO-nun bəyanatları və narahatlığı məsələsinə də münasibət bildirən R.Həsənov qeyd edib ki, bu nüfuzlu beynəlxalq təşkilatın son yanaşmasını ikili standart kimi qiymətləndirir: "Azərbaycan UNESCO ilə sıx əməkdaşlıq edən və bir çox komitəsində təmsil olunan ölkədir, bu çərçivədə bir çox beynəlxalq sənədi qəbul edib. Xüsusilə mədəni irsin qorunması məsələsinə daim həssas yanaşılıb. Azərbaycanın tarixi torpaqları 30 il işğal altında qalan zaman bütün tarixi dini abidələri məhv edildi və Azərbaycan dəfələrlə UNESCO-ya müraciət edərək Qarabağa missiya təşkil olunmasını xahiş etdi. Ancaq UNESCO bunu siyasi təşkilat olmaması ilə əlaqələndirərək həyata keçirmədi. Ancaq nədənsə bu gün belə bir missiya keçirməyi və siyasi fəaliyyət göstərməyi qərara alır. Bu, çox qəribədir. UNESCO hökumətlərarası bir təşkilatdır və onun müəyyən dövlətin siyasi sifarişini icra etməyə cəhd etməsi onun mandatına uyğun deyil. Azərbaycanda hər hansı bir mədəni irsin təhlükədə olması iddiası tamamilə əsassızdır. Çünki bu zamana qədər Azərbaycanda heç bir mədəni irs silinməyibdir, hətta erməni irsi də. Bundan sonra da silinməyəcəkdir. UNESCO Azərbaycanda hər hansısa bir missiya həyata keçirmək istəyirsə buna bizim etirazımız yoxdur. Ancaq həmin missiya Azərbaycanın suveren ərazilərində keçiriləcəyindən, onun bütün istiqamətləri və çərçivəsi Azərbaycan tərəfi ilə tam razılaşdırılmalıdır”.

Qarabağda dağıdılmış və ya dəyişdirilmiş Azərbaycan mədəni irsi mövzusuna toxunan R.Həsənov ilkin olaraq mövcud vəziyyətin monitorinqi və faktlaşdırılmasının zərurliyini qeyd edərək deyib: “Bu işlərə beynəlxalq təşkilatlar da cəlb olunacaq. Daha sonra Qarabağın Ermənistan tərəfindən işğal olunması nəticəsində Azərbaycana vurulmuş maddi ziyan hesablanaraq hüquq çərçivəsində beynəlxalq məhkəmələrə müraciət olunacaq. Ermənistan tərəfi vurulan ziyana görə, beynəlxalq hüquq çərçivəsində maddi təzminat ödəməlidir. Bu müharibə cinayətlərini törədən isə beynəlxalq cinayət hüququnun subyektləri hesab olunmalıdır. Əks halda bu hüquqsuzluğa və beynəlxalq hüququn lazımsızlığına gətirib çıxaracaqdır”.

Qeyd edək ki, Azərbaycan tərəfi bu istiqamətdə hazırda işlər aparır. Qarabağda dağıdılmış mədəni irsimiz tezliklə bərpa olunacaq və bu bölgə işğaldan əvvəlki görkəminə qayıdacaq. Bütün tarixi dini abidələr bərpa olunduqdan sonra sahiblərinə qaytarılacaq. Azərbaycan multikulturalizm siyasətinə bundan sonra da sadiq qalacaq.