Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına həm ölkədaxilindən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.

Open.az həmin məktublardan bir neçəsini təqdim edir:

Hacı Xəlilovdan, Marneuli, Gürcüstan

Hörmətli cənab Prezident,

Uzun illərdir işğal altında olan Qarabağ torpaqlarını azad etməklə Gürcüstan azərbaycanlılarına da böyük sevinc bəxş etdiniz. Bu böyük Qələbə münasibətilə Sizi və bütün azərbaycanlıları ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Allah Sizin və eləcə də Azərbaycanın keşiyində duran əsgərlərimizin daim yardımçısı olsun! İnşallah!

İsmayıl Rəhmanzadədən, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan İlham Əliyev!

Mənim 11 yaşım var. Biz hər gün televizordan müharibə barəsində verilən məlumatları diqqətlə izləyirdik. Hər dəfə Qələbə xəbərlərini Sizdən eşidəndə çox sevinir və qürur hissi keçirirdik. Noyabrın 10-da isə müharibənin bitdiyini və böyük Qələbə xəbərini eşitdiyimiz zaman sevincimiz yerə-göyə sığmadı. Bizə bu Qələbə sevincini yaşatdığınız üçün Sizə sonsuz təşəkürlərimizi bildiririk.

Cənab Prezident, mənim bir arzum var, o da böyük sevgimi Sizə bildirmək üçün bərk-bərk qucaqlayıb öpməkdir. Ümid edirəm ki, bu arzum ürəyimdə qalmaz. Məktubumu Sizin tarixə düşən sözlərinizlə bitirirəm.

Qarabağ Azərbaycandır!

Səyalı Rəhimovadan, Şəki, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Mənim 97 yaşım var. Mən son 50 ildə sentyabrın 27-dən bu günə qədər olduğu kimi sevindiyimi xatırlamıram. 30 ilə yaxın erməni faşistləri tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması barədə Sizin televiziya ekranından xalqa verdiyiniz xəbərlər xalqımızda ruh yüksəkliyi yaratdı. Sizin möhtəşəm çıxışlarınızla yanaşı, döyüş tapşırıqlarını məharətlə yerinə yetirmiş qalib əsgərlərimizin əzmlə işğaldan azad etdikləri yerlərdə üçrəngli Bayrağımızı sancıb, daha sonra Sizə “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” deyə məruzələrini etmələri hər birimizin qəlbində qürur və sevinc hissini daha da artırırdı.

Əlbəttə ki, müharibə olan ölkənin yaralısı və şəhidi olar. Allah bütün şəhidlərimizə rəhmət etsin, yaralılarımıza isə şəfa versin!

Bu yaşıma qədər Qarabağda olmasam da, bu gün Qarabağın hər qarış torpağı alındıqca çox sevinirəm. Torpaq ulu babalarımızın əmanətidir, torpaqdan pay olmaz. Qarabağın hər qarışında əsgərlərimizin izləri, şəhidlərimizin canı, yaralılarımızın qanı var. Azadlıq ağacı şəhid qanı ilə suvarılar. Əminəm ki, Şuşanın işğaldan azad edilməsi xəbəri bütün dünya azərbaycanlıları və bütün türk dünyasını sevindirdi. Hamı bir-birini təbrik edir, gözaydınlığı verir, çünki bu əlamətdar bir gündür. Müzəffər Ali Baş Komandan, Siz şücaətli, mətin Ordumuzla yeni tarix, yeni qəhrəmanlıq salnaməsi yaratdınız. Bu gün bütün şəhidlərin və Qarabağ həsrəti ilə dünyasını dəyişmiş insanların ruhları şad olacaq.

Allah, başda Siz olmaqla bütün zabit və əsgərlərimizi qorusun!

Qalib Rəsulovdan, Lənkəran, Azərbaycan

Çox hörmətli cənab Prezident!

İcazənizlə Sizi, bütün xalqımızı, müzəffər, igid, mərd Ordumuzu yeni tarixi Qələbə münasibətilə öz adımdan, qəsəbəmizin bütün Qarabağ veteran və qaziləri adından səmimi qəlbdən təbrik edim, Sizə uzun ömür, firavanlıq, yeni-yeni zəfər dolu xoş günlər, illər arzulayım.

Cənab Prezident, Sizə olan minnətdarlığımızı sözlə izah etmək mümkün deyil. Çünki Siz xəbis, qorxaq, yaltaq düşmənləri əzməklə xalqın ürəyində özünüzə daha böyük inam, Vətənə qarşı böyük məhəbbət yaratmısınız, dövlətimizə zəfər, Qələbə dolu sevincli günlər bəxş etmisiniz. Bu Qələbə şəxsən mənə bir müharibə əlili kimi aldığım yaraların ağrı-acısını unutdurdu. Mənim üçün bundan böyük hədiyyə ola bilməzdi.

Cənab Prezident, Sizin mübarizliyiniz, aqilliyiniz sayəsində döyüş meydanında və informasiya mübarizəsində qalib olmağınız göz önündədir. Bunu gələcəyimizi əbədi nura boyayan əbədi liderimizin, Prezidentimiz İlham Əliyevin sayəsində əldə etməyimizlə fəxr edirik.

Cənab Prezident, mənim atam daim namaz zamanı Sizə dualar edir. Allah Sizi qorusun!

Eşq olsun Azərbaycan dövlətinə!

Qarabağ Azərbaycandır!

Ramiz Ağayevdən, Beyləqan, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Mənim 63 yaşım var. Qarabağın işğaldan azad olunmasını inanın ki, hər gecə yuxumda görürdüm. Sizin komandanlığınız və siyasi iradəniz sayəsində mənim yuxum gerçəkləşdi. İnanın ki, hər dəfə Sizin çıxışlarınıza baxdıqca sevincimdən gözlərim yaşarır.

Siz yenilməz sərkərdə, Azərbaycanın atasısınız! Sizinlə fəxr edirik! Çox qürurluyuq ki, Sizin kimi mərd Komandanımız var.

Allah şəhidlərimizə rəhmət, yaralı hərbçilərimizə şəfa versin.

Siz erməni cəlladlarını “iti qovan kimi” qovdunuz. Sizi bağrıma basıb öpürəm.

Mən dəmiryolçuyam. Arxa cəbhədə öz vəzifəmi canla-başla yerinə yetirirəm. Arzumdur ki, Siz Beyləqana səfəriniz zamanı mənim qonağım olasınız, bir fincan çay içməyə imkan tapasınız.

Allah Sizi, Ordumuzu və xalqımızı qorusun!

Bəxtiyar Şirinovdan, Ağdam, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Rəhbərliyiniz nəticəsində əldə edilən Qələbəmiz münasibətilə Sizi və rəşadətli Ordumuzu səmimi qəlbdən təbrik edirik.

Sizə uzun ömür, cansağlığı, işlərinizdə uğurlar arzu edirik.

Müharibə başlayan gündən istər hərb meydanında, istərsə də siyasi arenada Sizin necə döyüşdüyünüzün şahidi olduq. Bu böyük zəfər Sizin, müzəffər Ordumuzun və xalqımızın şanlı Qələbəsidir.

Bütün xalqımız, o cümlədən, biz - məcburi köçkünlər təklif edirik ki, Sizə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin.

Uca Tanrı Sizi, Ordumuzu, xalqımızı qorusun!

Əşrəf Durmuşovdan, Şəki, Azərbaycan

Müzəffər Ali Baş Komandan,

Biz Sizi liderimiz, Milli Qəhrəmanımız, Prezidentlər Prezidenti hesab edirik. Biz Sizinlə fəxr edirik. Mən Sizin çıxışlarınızı çox həvəslə izləyirəm.

Ümummilli lider Heydər Əliyevin və ananız Zərifə xanım Əliyevanın ruhları qarşısında baş əyirik ki, xalqımıza Sizin kimi dəyanətli şəxsiyyət bəxş ediblər.

Cənab Prezident, Siz bütün dünyaya qalib gəldiniz, yumruğunuzun gücü budur. Hamı Sizə alqış edir, biz Sizinləyik. Mənim övladım da ön cəbhədə Vətənə olan borcunu yerinə yetirir.

Cənab Prezidentimiz, Siz bizlərə ümid verdiniz, xalqımız heç vaxt Sizin bizə bəxş etdiklərinizi unutmayacaq. Siz ayağınızı qoyduğunuz yerə xalqımız canını qoyar.

Qələbənin dadını bildik və gördük. Sevincimi sözlə ifadə edə bilmirəm.

Siz bir dənəsiniz, Uca Yaradan Sizi qorusun!

Eşq olsun Sizə! Siz Paşinyanın və ona bənzəyən müxbirlərin payını yaxşıca verdiniz. Siz qərəzli müxbirlərin cavabını layiqincə verəndə mən Sizi ayaq üstdə alqışladım, Sizinlə bir daha fəxr etdim.

Cənab Prezident, mən on min əhalisi olan kənddə yaşayıram, bütün kəndimiz Sizi sevir, Sizinlə fəxr edir. Biz hamımız – kiçikdən böyüyədək Sizin arxanızdayıq. Siz bizim ömürlük Prezidentimizsiniz.

Könül Rzayevadan, Füzuli, Azərbaycan

Cənab Prezident, Qarabağın Fatehi.

İlk öncə Sizi Qarabağ zəfəri münasibətilə təbrik edirəm. Bizə yaşatdığınız bu şanlı tarix üçün çox sağ olun. Mən Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulub böyümüşəm. Məcburi köçkün statusu ilə yaşasam da, daim ürəyimdə Vətənimin - Füzulimin nisgilini daşımışam. Bu həm də bir qürur tarixidir. Sizin və şanlı Ordumuzun sayəsində artıq başımı dik tuturam. Mən Tibb Universitetinin 5-ci kurs tələbəsiyəm. Torpaqlarımızın erməni işğalından azad olunması üçün başlatdığınız əks-hücum əməliyyatlarının ilk günündən, sonuncu yaralı əsgəri yola salana qədər könüllü olaraq Füzuli Müalicə Diaqnostika Mərkəzində yaralı əsgərlərimizə tibbi xidmət göstərdim. Bu xidməti qürur və fəxarətlə Vətənimə, qardaşlarımın axan qanları qarşısında vicdan borcum hesab edərək və Sizinlə zəfərə inanaraq etdim. Siz və birinci xanımımız Mehriban Əliyeva bizim ellərə, işğaldan azad olunmuş Füzuli şəhərinə gələrək bizi qürurlandırdınız, dövlətlə xalqımızın sarsılmaz birliyini bir daha göstərdiniz.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!