Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Təhsil Nazirliyinin Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından Open.az-a verilən məlumata görə, məqsəd bu müəssisədə təhsil alan və yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.

MPQ üzvlərinin və sosial iş sahəsində ekspertin də iştirak etdiyi başçəkmə zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, dərs və reabilitasiya otaqlarına, yeməkxanaya və mətbəxinə, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, ümumi əraziyə baxış keçirilib.

Rəftar məsələlərinin araşdırılması məqsədilə təsadüfi seçim əsasında bu müəssisədə təhsil alan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə fərdi müsahibələr aparılmış və mövcud vəziyyət öyrənilib.

Ümumi ərazidə, sanitar qovşaqlarda təmir işlərinin aparılmasına, saxlanma şəraitinin yaxşılaşdırılmasına və işçilərin məlumatlılığının artırılması işinin təşkilinə ehtiyacın olduğu müəyyən edilib.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən saxlanma şəraiti və rəftar məsələlərinə dair milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq hüquqları Konvensiyası əsasında müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər də aparılıb.