Azərbaycanda koronavirusa yoluxma sayının getdikcə artması onu deməyə əsas verir ki, artıq ölkəmizdə pandemiyanın yeni dalğası müşahidə edilir.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, ölkəmizdə virusun yayılmasının qarşısını almaq üçün çox ciddi tədbirlər həyata keçirilsə, hətta karantin rejimi tətbiq edilsə də, insanlar qaydalara lazımi qədər əməl etmirlər:

"Çox təəssüf ki, insanlarımız mütəxəssislərin çağırışlarına ciddi əhəmiyyət vermirlər. Onlar sanki gündən-günə artan statistikanı real olaraq qəbul etmirlər. Əgər biz bugünkü ciddi vəziyyəti real olaraq qəbul edə bilmiriksə, daha ağır nəticələrlə üzləşə bilərik".

Y.Abdiyeva qeyd edib ki, son günlər ərzində ölkəmizdə yoluxma sayında artım müşahidə edilir. Lakin müəyyən günlərdə nisbi azalmanın baş verməsi hesabına göstəricilərdə müəyyən dalğavari vəziyyət də müşahidə edilir.

Mütəxəssis qeyd edib ki, oktyabrın 23-də ölkədə yeni yoluxma sayı 805, oktyabrın 24-də 792, oktyabrın 25-də 946 olub. Oktyabrın 26-da bu say azalaraq, 527-ə ensə də, oktyabrın 27-də yenidən say artaraq, 666-a, oktyabrın 28-də 988-ə yüksəlib:

"Bu gün açıqlanan məlumata görə isə ölkədə yeni yoluxma sayı 1015 olub. Bu, ölkəmizdə pandemiya dövründə qeydə alınan ən yüksək rəqəmdir. Ən təəssüfedici hal odur ki, yoluxma sayı ilə sağalma sayı arasında düzgün mütənasiblik yoxdur. Virusa yoluxanların sayı sağalanların sayını dəfələrlə üstələyir ki, bu da çox pis haldır. Nəzərə alaq ki, hazırda çarpayı fondumuz bu xəstələri yerləşdirməyə çatır. Lakin bu, həmişə belə ola bilməz. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, ölkəmiz indi müharibə aparır və bizim ən böyük düşmənimiz terrorçu ermənilərdir. Yoluxma sayının getdikcə artması isə bizə bu düşmənlə savaşda çətinliklər yarada, həm düşmən gülləsinə tuş gələn əsgərlərmizin, həm də virusa yoluxan xəstələrimizi həyata qaytaran tibb işçilərimizin iki cəbhədə vuruşmasına səbəb olacaq. Təbii ki, bu halda da düşmənlə mübarizədə lazımi effekti ala bilməyəcəyik. Əgər biz düşmənimizə qalib gəlmək istəyiriksə, koronavirusa da qalib gəlməli və həkimlərimizin ancaq mənfur düşmənlə mübarizənin aparıldığı ön cəbhədə çalışmasına imkan verməliyik. Yalnız bu, bizi qələbəyə yaxınlaşdıra bilər".