"Bakı Metropoliteninin dövlət müstəqilliyimizin bərpasından əvvəlki 24 illik inkişafı dövründə 18 stansiya və hazırda yeganə olan depo istifadəyə verilib. Amma 27 illik müstəqilliyimiz dövründə cəmi 7 yeni stansiya istifadəyə verilib".

Open.az xəbər verir ki, bu sözləri Nəqliyyat və yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib .

Onun sözlərinə görə, həmin 7 stansiyadan ikisi (C.Cabbarlı və Əcəmi-2 satansiyaları) keçid stansiyalarıdır, yəni, şəhərin yeni ərazisini əhatə etmir: "Elə bu səbəbdəndir ki, Bakıda sərnişin daşınmasında Metropolitenin payı 20% civarındadır. Bakı şəhərində ictimai nəqliyyatın hazırkı durumunun heç kəsi qane etmədiyi, avtomobilləşmə səviyyəsinin cəmi 25% ətrafında olmasına baxmayaraq mütəmadi tıxacların müşahidə edildiyi hazırkı şəraitdə əsas hədəflərdən biri Metropolitenin inkişafı olmalıdır.

Bu istiqamətdə çoxlu vəsait ayırmaq və həmin vəsaitlərdən səmərəli istifadə etməklə metro şəbəkəsini sürətlə genişləndirmək, Sumqayıt, Xırdalan və Bakı aqlomerasiyasının digər iri məntəqələrini metro ilə əhatə etmək lazımdır. Paytaxtda əsas sərnişin axını Şərq-Qərb istiqamətində və əksinə baş verir. Bu istiqamətdə isə Metropolitenin bircə xətti var. Yəni bütün qatarlar “28 May” satansiyasından sonra Şərqə doğru və əksinə bircə xətdən istifadə edir. Bu isə ən ideal intervalda da sərnişin axınını götürə bilməz. Ona görə də ən yaxın zamanda 2-ci Şərq-Qərb (Xətaidən Günəşliyə doğru) xətti açılmalı, dairəvi sistem təmin olunmalı, qalan istiqamətlərdə şaxələnmələr davam etməlidir. Şəxsən mənə maraqlıdır ki, nəyə görə C.Səlimov küçəsində yeni stansiyanın tikintisi az qala Baykal-Amur dəmiryol xətti qədər vaxt aparır. Belə getsə, növbəti 27 ildə heç 7 stansiya da tikə bilməyəcəyik".

Belə getsə, növbəti 27 ildə heç 7 stansiya da tikə bilməyəcəyik

Şəfiqə