Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Məmmədxanlı fevralın 18-də R.Məmmədov küçəsindən “Toyota Prado” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a bildiriblər ki, həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini H.İsmayılov nazirliyin Təhlükəsiz Şəhər Xidməti, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi və Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayonunda saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Quliyev isə yanvarın 30-da yaşadığı evin qarşısından “BMW” markalı avtomobilinin mühafizəçi tərəfindən qaçırılaraq R.Behbudov küçəsində pilləkənlərə vurulduğunu bildirib.

Həmin nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Qarayev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən yaxalanıb.