Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd İsa Qəmbər və digərlərinin müraciətinə baxılıb.

Open.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia ediblər: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı 10 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib".

İclasda daha sonra həmin dairənin 10 seçki (1, 2, 4, 13, 19, 21, 22, 29, 30 və 34 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.