Azərbaycan bazarında yüzlərlə şirkət tikinti sektoru üçün material təklif edir. Onlardan həm binaların tikintisində, həm də fərdi evlərin təmirində istifadə edilir. Bu materialların keyfiyyəti, ekoloji və təhlükəsizlik baxımından yararlılığı böyük sual doğurur. Tikintidə yeni, ekoloji təmiz materiallardan istifadəni gücləndirmək üçün satış sektorunda çalışan savadlı mütəxəssislərin sayı bəlkə də birə on artmalıdır.

Open.az xəbər verir ki, “Report” tikinti materiallarının keyfiyyəti və ekoloji uyğunluğu ilə bağlı sualları mütəxəssislərə yönləndirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun “Report”a bildirdiyinə görə, bazarda keyfiyyətsiz və ekoloji cəhətdən problemli tikinti materiallarının satılması istehlakçı siyasətində olan boşluqlardan qaynaqlanır: “Bura bazarın inhisarlaşması, qiymətin formalaşması, istehlakçıların maariflənməsi, təhlükəli malların azaldılması kimi məsələlər aiddir. Bu işlərə diqqəti artırsaq, bazar zay tikinti mallarından təmizlənər. Azərbaycanda tikinti mallarının satışını reallaşdıran savadlı mütəxəssislərə, bilikli dilerlərə ehtiyac var, amma azad bazar iqtisadiyyatıdır, kim nə işlə istəsə, məşğul ola bilər. Bunun üçün qanunvericilikdə qadağa yoxdur. Savadsız diler belə gəlir gətirirsə, bazarda çalışacaq”.

İnşaat sektorunun layihələndirməsi və təşkilində yeni texnologiyaların tətbiqini dəstəkləyən memar Söhrab Rəhimov “Report”a açıqlamasında bazara çıxarılan bir çox tikinti materialının ucuz olduğu üçün rəğbət qazandığını bildirib: “Keyfiyyətli tikinti materialı axtaran gərək ucuz malın dalınca qaçmasın, imkan daxilində birbaşa istehsalçıdan, ya bazarda onu təmsil edən şirkətdən əldə etsin. Keyfiyyətsiz material ilə keyfiyyətli materialı müqayisə etmək absurddur. Hər kəs keyfiyyət istəyir. Küçələrdəki bahalı avtomobillərə baxdıqda, əhalinin keyfiyyətə üstünlük verdiyini görürük. Ancaq nədənsə iş inşaata gələndə insanlar görüntüyə aldanaraq zay, yararsız mala tərəf gedirlər. Mental dəyərlər sırasında yaşayan “qonşudan qalma geri” düşüncəsi bazarda inkubator təsiri əmələ gətirir. Satıcı eyni materialı daşıyıb gətirməyə, alıcı isə məhz bunu almağa çalışır. Rahat satmaq və rəqabət üçün isə adətən bazara malın ucuzu gətirilir”.

Memarın fikrincə, malın keyfiyyət göstəricisi təkcə funksionallığı, davamlılığı ilə deyil, həm də ətraf mühitə vurduğu ziyanla da ölçülməlidir: “Düşünürəm, gələcək illərdən birini ekologiya ili olaraq adlandırıb prosesi ciddi kampaniya halına gətirmək də olar. Dünyanın bir sıra aparıcı istehsalçı şirkətləri ekoloji təmiz məhsulları prioritet olaraq istifadə edir. Belə tikinti materialları həm sağlamlığa xidmət edir, həm enerji israfını azaldır, həm də uzun müddət işə yarayır. Azərbaycanda ekoloji standartlar sərtləşdirilməli, ucuz, sağlamlığa ziyan vuran mallara qadağa qoyulmalıdır. Ən sadə işlərdən də başlamaq olar: polietilen paketlərin istifadəsini azaltmaq, binaların ətrafında yaşıllıq zonaları yaratmaq, Xəzər dənizinin təmizlənməsi istiqamətində nələrisə etmək kimi. Bildiyimə görə, Ekologiya və Fövqəladə Hallar Nazirlikləri bu yöndə xeyli iş görürlər.

Bir məsələni də qeyd etmək istərdim. Bazarda tikinti mallarının satışı ilə məşğul olan satıcıların çoxu hər hansı bir yeni texnologiyadan xəbərsizdir. Biliyi artırmaq üçün davamlı olaraq xarici sərgilərdə iştirak etmək, materialları tanımaq və onunla yanaşı hansı materialı hansı sahədə istifadə edə biləcəyini anlamalısan. Burada mühəndis və ya memar biliyi tələb olunur. Sahədən uzaq insanlar sadəcə qonşu dükanda gördüyünü xaricdən gətirib bazara çıxarırlar. Düşünürəm, tikinti materiallarının satışı ilə məşğul olan hər bir böyük şirkətdə bir neçə məsləhətçi memar və ya mühəndis olmalıdır”.