Prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı mübarizənin daha da gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi üzrə işin səmərəliliyinin artırılması istiqamətində genişmiqyaslı kompleks, ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Bu barədə Open.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün əsas prioritet istiqamətlərdən biri də, ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Bu məqsədlə Baş Prokurorluq tərəfindən Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə kompleks plan tərtib edilərək ona uyğun istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, o cümlədən cinayətlərin açılması üçün zəruri tədbirlər görülmüş, qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması təmin edilmişdir.
Aparılmış məqsədyönlü tədbirlər, habelə səmərəli birgə fəaliyyət nəticəsində Kürdəmir şəhəri sakini, 1966-cı il təvəllüdlü Rəhimova Bəyim Əlirza qızının 29.11.2018-ci il tarixdə yaşadığı evdə yanmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işinin açılması təmin edilmişdir.

Peşəkar prokurorluq, polis və dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə 1979-cu il təvəllüdlü Nuriyev Zahid Məhəddin oğlunun 28 noyabr 2018-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə gecə saatlarında hasardan qonşuluqda yerləşən Bəyim Rəhimovanın yaşadığı evin həyətinə keçərək, oradan da mənzilə daxil olub sonuncunun evdə tək olmaqla və gecə saatları olduğu üçün ətrafda heç kimin olmamasından istifadə etməklə tamah motivi ilə istintaqa məlum olmayan alətlə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq (meyit sonradan tam yandırıldığı üçün bunu müəyyən etmək mümkün olmamışdır) qəsdən öldürdükdən sonra ona məxsus mobil telefonu və bir cüt 915 əyyarlı gümüş sırğanı götürüb, törətmiş olduğu cinayətləri ört-basdır etmək məqsədilə Bəyim Rəhimovanın meyitini yataq otağında çarpayının üzərinə uzadıb özü ilə gətirdiyi tez alışan neft məhsulunu meyitin üzərinə tökərək yandırmasına əsaslı şübhələr müəyyən edilmişdir.

İstintaq zamanı Zahid Nuriyevin mağazada satdığı mərhumun mobil telefonu, o cümlədən anasının yataq otağında gizlətdiyi mərhuma məxsus 1 cüt sırğa aşkar edilərək götürülmüş, həmçinin iş üzrə təyin olunmuş məhkəmə-fiziki kimyəvi ekspertizasının rəyi ilə Zahid Nuriyevin paltarları üzərində tezalışan neft məhsulları izlərinin olması müəyyən edilmişdir.

Cinayət işi üzrə kompleks məhkəmə-fiziki kimyəvi, tibbi kriminalistik, daktiloskopik, tibbi bioloji, əmtəəşünaslıq, kompüter-texniki və digər zəruri ekspertizalar təyin olunmuş, o cümlədən müvafiq əməliyyat tapşırıqlarının həyata keçirilməsi ilə bağlı zəruri tapşırıqlar verilmişdir.

Əvvəllər Rusiya Federasiyasında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istehsalı, hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və zorlama cinayət əməllərində təqsirli bilinməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Zahid Nuriyev avqustun 19-da iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.