"Şəxsi fikrimdir. Bilmirəm, Operativ Qərargah hansı addımı atmağı planlaşdırır. Amma düşünürəm ki, cüzi yumşaltmaya getməklə, karantini 2-3 həftə də uzatmaq çox ağıllı iş olardı. Bununla gündəlik yoluxma sayı 5-10 kimi minimal rəqəmlərə düşər, ölkəmiz virus üzərində qələbəsini qeyd edər".

Open.az-ın xəbərinə görə, bunu jurnalist Vüsal Məmmədov deyib.

V.Məmmədov qeyd edib ki, hazırda əla dinamika var və onu qoruyub, saxlamaq gərəkdir: "Bəli, cəmiyyət narazıdır, amma cəmiyyət öz təhlükəsizliyinə görə məsuliyyəti özü daşımır axı, bu yük dövlətin çiynindədir. Sadə insan çimərliyə və şoppinqə gedə bilmədiyinə görə səsini başına atıb, halbuki, dövlət milyonlar itirir. Ona görə, məntiqlə, dövlət karantinin ləğvində daha maraqlı olmalıdır. Ancaq iki həftə ilə heç kimə heç nə olası deyil, hər iki tərəf iki həftə də dözə bilər, əvəzində biz ilanın başını əzib, rahat nəfəs alarıq".