Pandemiya ilə əlaqədar olaraq, Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkəsində sərtləşdirilmiş karantin rejimi elan edilib. Doğrudur, ölkəmiz son dövrlər karantin qaydalarının yumşaldılması prosesini həyata keçirsə də, bir sıra dövlətlərdə, eləcə də bizimlə qonşu respublikalarda sərtləşdirilmiş karantin rejimi ya davam etdirilir, ya da bunun gerçəkləşdiriləcəyi deyilir.

Open.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov APA TV internet kanalında yayımlanan “APAralel” verilişində çıxışı zamanı koronavirus pandemiyasına görə dünyada və Azərbaycanda bundan öncə atılan addımlar və qarşıda bizi gözləyən proseslərlə bağlı danışıb.

R.Mahmudov qeyd edib ki, yenidən alovlanmalar olduğu zaman hər bir ölkəyə ÜST tərəfindən tövsiyələr verilib: “Artıq konkret bir qərar verildi. Ağır, sərtləşdirilmiş karantin rejimlərinin COVID-19 virusu ilə mübarizədə heç bir faydasının olmadığı, hətta zərərinin daha çox olduğu sübut edildi. Əslində, zərərinin çox olduğunu hamı bilirdi. Amma tibbi nöqteyi-nəzərdən faydasına görə karantin elan olunurdu, amma görüldü ki, faydası da yoxdur. Bundan sonra ən ağır, pik hadisələr olsa belə, parklarımız bağlanmayacaq”.