2020-ci ilin oktyabrın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gül, Baş prokuroru Bekir Şahin və Ali Məhkəməsinin sədri Mehmet Akarca arasında telefon danışığı baş tutub.

Baş Prokurorluqdan Open.az-a verilən məlumata görə, Kamran Əliyev Türkiyə Respublikasının milli bayramı – Cümhuriyyətin elan olunmasının 97-ci ildönümü münasibətilə həmkarlarını təbrik etmiş, onlara firavanlıq arzularını çatdırıb.

Baş Prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Kamran Əliyev Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının xalqlarımızın ortaq milli, mənəvi dəyərlərindən və ənənələrindən güc almaqla dünya ölkələrinə bir nümunə olduğunu vurğulamış, qardaş Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqlı mövqeyini müdafiə etməsi və Vətən müharibəsi dönəmində ən yüksək mənəvi dəstəyinin xalqımız üçün olan əhəmiyyətindən söz açıb.

Baş Prokuror Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc əhalimizə qarşı törətdiyi cinayətlər,o cümlədən 27 və 28 oktyabr tarixlərində mülki əhalinin sıx yaşadığı Azərbaycanın Bərdə şəhərinə raketlərin atıldığını və nəticədə 25 nəfərin həlak olduğunu, 82 nəfərin yaralanması, çoxsaylı yaşayış evləri və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyməsi barədə həmkarlarını məlumatlandırıb.

Türkiyəli həmkarları öz növbəsində Ermənistanın Azərbaycana yönəlmiş terror əməlləri ilə əlaqədar həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək yaralananlara Allahdan şəfa diləyib.

Ermənistanın Azərbaycana yönəlmiş terrorçu hücumlarına görə cavab verməli olduğunu bildirən həmkarlar Ermənistanın oktyabrın 27-i və 28-i tarixlərində Bərdə şəhərinin dinc sakinlərini hədəfə alaraq raket zərbələri endirməsini kəskin pisləmiş, Türkiyənin daim Azərbaycanın yanında olacağını nəzərə çatdırıb.

Kamran Əliyev və Türkiyəli həmkarları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.