Ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Maliyyə naziri, Prezidentin Baş Müşaviri Məhəmməd Humayun Qayuminin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Open.az xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev Qayuminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. O, Azərbaycanın Əfqanıstanla ikitərəfli əməkdaşlığa önəm verdiyini, əlaqələrin genişlənməsində dövlət başçılarının siyasi iradəsini, ölkə rəhbərləri arasında keçirilən görüşlərin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb.

Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə danışan Şahin Mustafayev bildirib ki, 2018-ci ildə iki ölkənin ticarət dövriyyəsi 37% artıb. Artım tendensiyası 2019-cu ildə də davam edir.

İqtisadiyyat naziri Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb, əfqanıstanlı sahibkarları ölkəmizdə yaradılmış işgüzar şəraitdən yararlanmağa dəvət edib.

Ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edən Qayumi sənaye, ticarət, investisiya və s. sahələrdə əlaqələrin inkişafı barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.