Heydər Əliyev Beynəlxalq Aeroportu ötən gün "Polşa Hava Yolları" şirkətinin (LOT) Azərbaycan istiqamətində yerinə yetirdiyi çarter reysi ilə əlaqədar yayılmış məlumatlara aydınlıq gətirib.

Hava limanından Open.az-a bildirilib ki, içində 90 Azərbaycan vətəndaşı olan və Varşava-Lənkəran reysi üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblərdən geriyə qayıtmaq barədə qərar qəbul edib.

LOT-un təyyarəsi yenisi ilə əvəz edildikdən sonra hava gəmisi Varşavadan yola düşüb və yerli vaxtla saat 22:25-də Lənkəran hava limanına enib. Təyyarə ilə gətirilən bütün Azərbaycan vətəndaşları karantinə yerləşdirilib.

Sərnişinlər Lənkəranda düşürüldükdən sonra təyyarə sərnişinlərsiz Bakıya uçuş yerinə yetirib və martın 28-də Bakı vaxtı ilə saat 02:20 dəqiqədə 19 sərnişinlə (hamısı Polşa vətəndaşıdır) Varşavaya yola düşüb.

“Azərbaycan Hava Yolları” QSC kütləvi informasiya vasitələrini və ölkə vətəndaşlarını yalnız rəsmi mənbələrdən daxil olan yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edib.