Bu səhərdən əsən külək bir sıra infrastruktur obyektlərində olduğu kini Ağdam rayonunun elektrik şəbəkəsində ciddi fəsadlar yaradıb.

Bunu Open.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, hazırda qurum əməkdaşları qəzaların nəticələrini aradan qaldırmaqla məşğuldur:

"Əsən güclü külək "Aran" Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisinə daxil olan bir sıra rayonlarda, xüsusən də Ağdam rayonunda ciddi fəsadlar törədib. Nəticədə rayon ərazisində 30-dan artıq elektrik dirəyi aşıb, bir neçə kəndin elektrik enerjisi təchizatında fasilə yaranıb. Hazırda RETSİ rəisi və texniki departamentin əməkdaşları qəza baş verən ərazidədir. Həmçinin kəndlərə əlavə mal-material, texnika cəlb edilib. Güclü külək təchizatın bərpasına ciddi əngəl yaradır. Külək imkan verdiyi qədər tez bir zamanda bütün kəndlərdə elektrik enerjisinin təchizatı bərpa ediləcək".