ABŞ-ın Azərbaycandakı səfirliyi "GreenCard" Viza Lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.

Səfirlikdən Open.az-a verilən məlumata görə, bu cür saxta elektron poçt və məktubların müəllifləri "GreenCard" proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.

Bildirilib ki, bundan əlavə, yerli viza təşkilatları "GreenCard" Lotereyasına daxil etmək məqsədi ilə şəxsi məlumatları vermək üçün sizə müraciət edə bilər: ""GreenCard" xidmətləri sahəsində vasitəçilik təklif edən təşkilatlar tərəfindən törədikləri saxtakarlığa dair əldə etdiyimiz faktlar var. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "Greencard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir".

Diplomatik nümayəndəlikdən bildirilib ki, ərizəçilər bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunu hesab edirlərsə və yaxud fırıldaq məqsədi ilə onlara müraciət olunubsa, "Facebook" səhifəsi vasitəsilə və yaxud Consularbaku@state.gov elektron poçt ünvanına müraciət etməklə səfirliyə məlumat versinlər.

Bundan başqa, yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə heç kimə ödəniş etmədən ərizəni yoxlamaq olar.

Gülnar Qafarlı

GreenCard