Mart ayının 20-dən 21-nə keçən gecə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı, general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin birgə iştirakı ilə dövlət sərhədində Novruz bayramı münasibətilə bayram tədbiri təşkil olunub.

Bu barədə Open.az-a DSX-nin Mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası və İran İslam Respublikasının dövlət himnlərinin səsləndirilməsindən sonra nümayəndə heyətlərinin rəhbərləri Fəxri qarovulların önündən keçiblər.

Tədbir çərçivəsində keçirilmiş görüşdə sərhəd təhlükəsizliyinin təminatı, buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə sahəsində yüksək nəticələrin əldə edilməsi məqsədilə sərhəd mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, operativ məlumat mübadiləsinin aparılması, ikitərəfli görüşlərin keçirilməsi üzrə ardıcıl tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tədbir iştirakçılarını təbrik edən general-polkovnik E.Quliyev və general-mayor Q.Rzayi öz çıxışlarında milli-mənəvi dəyərlərə dərin bağlılığı, tarixi-mədəni keçmişə yüksək ehtiramı nümayiş etdirən, bolluq, bərəkət və barış rəmzi olan Novruz bayramı münasibətilə ən səmimi arzularını ifadə etmiş, Azərbaycan Respublikasının və İran İslam Respublikasının sərhədçilərinə müqəddəs sərhədlərin mühafizəsi üzrə şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.

Sonra Azərbaycan və İran sərhədçilərinin döyüş fəaliyyətinə həsr edilmiş sənədli filmlər nümayiş olunub və qarşılıqlı hədiyyələr təqdim edilib.

Bayram tədbiri musiqiçilərin konsert proqramı ilə davam etdirilib və atəşfəşanlıqla yekunlaşdırılıb.