"Ermənistan yeni müharibəyə hazırlaşır. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq".

Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.

Trend-in məlumatına görə, təmas xətindən əlavə Ermənistan dövləti artıq bir neçə müddətdir ki, müharibə üçün hazırlıqlar görür. Ordudakı çatışmazlıqları müxtəlifl yollarla həll etməyə çalışan Ermənistan dövləti bunun üçün bütün resurslarını səfərbər edib. Beləki Ermənistanda "Müdafiə haqqında" qanuna əlavələr hətta səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırılmağa imkan verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşəbbüsün müəllifi Anna Akopyan da bu proseslərdə yaxından iştirak edir ( Paşinyanın arvadı növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirəcək - Ermənistan ordudakı problemləri "həll" etməyə çalışır)

Bununla yanaşı Ermənistan hakimiyyəti orduda olan kadr çatışmazlıqlarını həll etmək üçün qanunsuz köçürmə siyasətindən istifadə edir: Ermənilər Qarabağa muzdlu döyüşçülər köçürür – FAKTLAR

Deputat Elşən Musayev Trend-ə bildirib ki, Paşinyan danışıqlar prosesinin pozulması üçün hər şey edir və üstəlik bunu naşıcasına edir, riyakarca edir, utanmazca edir, ATƏT-in Minsk Qrupunun gözü qarşısında edir. Niyə? Çünki panikadadır, uduzduğunu anlayır. Belə olan halda isə gücü yalnız ona çatır ki, növbəti təxribatçı bəyənatlar versin, aranı qatsın, məsuliyyətsiz açıqlamaları ilə gündəmə gəlsin: "Paşinyanın bəyənatları heç şübhəsiz ki, öz başının və təxəyyülünün məhsulu deyil. Amma hər kimin və ya hansı başın məhsuludur fərq etməz, nəticə etibarilə onun dilindən çıxan kəlmələr bütün hallarda absurd və mənasızdır. Bu işğalçı ölkə əgər Beynəlxalq hüququn bütün ana prinsiplərini görməzdən gəlirsə, BMT qətnamələrini unudursa və hələ utanmaz-utanmaz mövcud vəziyyətdə hansısa şərt qoyursa demək ki, bunlarda abır-həya, siyasi etika, məsuliyyət, cavabdehlik hissi qalmayıb. Bütün dünya deyir ki, Qarabağ Azərbaycanındır. Bircə Paşinyandan başqa. Hərçənd o özü də anlayır ki, vəziyyət belə davam edə bilməz. Pafosla, şablon cümlələrlə, dəxilsiz hədələrlə çox uzağa getmək mümkün deyil. Cəbhədəki son hadisələr, döyüşlər də göstərdi ki, Ermənistanın öz hərbi gücü sıfıra bərabərdir. Kənardan dəstək olmasa saatlar yetərlidir ki, bu quldur dəstəsi bir an içində geri çəkilsin, məğlubiyyətə uğrasın".

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Trend-ə açıqlamasında bildirir ki, Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olmalarıdır: "Ermənistanda sonuncu hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdı. Paşinyan hökumət başçısı olandan sonra özündən əvvəlki hakimiyyətlərin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səhv siyasətini tənqid etməsi, münasibətlərdə yeni yanaşma siyasəti ilə bağlı mesajlar, təkcə Azərbaycanda yox həmçinin münaqişənin həllində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Misk qrupunda da yeni ümidlərə səbəb olmuşdu. Biz çox keçmədi ki, bunu əksini gördük. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda irəliləyişin olmaması, cəbhə xəttində baş verən erməni təxribatları Nikol Paşinyanın da sələflərinin yolu ilə getdiyini göstərdi. Hesab edirəm ki, Paşinyan sələfləri kimi, riyakar, yalançı olmasaydı, ən əsası verdiyi sözün üstündə dayansaydı bu gün münaqişənin həlli ilə bağlı tam başqa bir mənzərənin şahidi olacağdıq. Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir".

Millət vəkili Könül Nurullayeva isə Trend-ə açıqlamasında qeyd edir ki, işğalçı ölkənin iyul ayında dövlət sərhədində hərbi təxribat törətməsinin əsas səbəbi Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sonra Paşinyan hakimiyyətinin revanş götürmək cəhdi olub. Çünki Paşinyan baş nazir seçildiyi ilk gündən Azərbaycan Ordusunun Aprel və Günnüt zəfərlərini Sarkisyan hakimiyyətinin səhvi və uğursuzluğu kimi dəyərləndirərək, özünə haqq qazandırmağla çalışırdı. Halbuki Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatı məhz Paşinyan hakimiyyətə gələndən 1 ay sonra baş verdi:

"Son vaxtlar təmas xəttinə yaxın ərazilərə qüvvələrin cəmləşməsi, işğal altındakı ərazilərdə məqsədli şəkildə demoqrafik tərkibin dəyişdirilməsi siyasəri, işğalçı ölkə rəsmilərinin öz ampluasına uyğun şərtlər irəli sürərək, təxribatçı bəyanatlar səsləndirməsi siyasəti də bunu təsdiqləyir. Yeni müharibə cəhdi isə ilk növbədə danışıqlar prosesini pozmaq və bölgədə "status-kvo" vəziyyətini saxlamaq niyyətinə hesablanıb. Təbii ki, mövcud tendensiya Azərbaycana vəziyyətə adekvat tədbirlər görmək üçün tam əsas yaradır. Çünki rəsmi Bakı hər zaman qətiyyətlə bəyan edib ki, imitasiya naminə dialoq və danışıqlar formatının dəyişdirilməsi birmənalı şəkildə yolverilməzdir".