"Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada "ölkədə "uşaqpulu" verilmir" məntiqini qəbul etmirəm. Ona görə də ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub. Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur".

Open.az "Report"a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, "Azərbaycanda "uşaqpulu" verilmir" fikrini səsləndirmək doğru deyil: "Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır. Siz bunu "uşaqpulu" formasında ifadə edirsinizsə, o zaman bu, araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər. Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur".