Dördüncü mikrorayon və Biləcəri dairələrində nəqliyyat şəraitinin yaxşılaşdırılması, mütəmadi olaraq müşahidə edilən tıxac və sıxlıq hallarının minimuma endirilməsi, bundan başqa, konflikt nöqtələrinin aradan qaldırılması ilə yol hərəkətinin təşkilində ən prioritet məsələlərdən biri olan piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görüləcək.

Bakı Nəqliyyat Agentliyindən Open.az-a verilən məlumata görə, 4-cü mkr. dairəsində hərəkətin səmərəliliyinin artırılması məqsədilə mövcud dairənin həndəsi ölçüləri dəyişdirilir. Cavadxan (Memar Əcəmi metrostansiyası istiqamətindən) və 20 Yanvar küçələrindən dairəyə daxil olan və geriyə dönmə hərəkətini yerinə yetirmək istəyən nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təşkil edilməsi məqsədilə dairədə geriyə dönmə yerinin təşkili planlaşdırılır. Hüseyn Seyidzadə küçəsi və Mir Cəlal küçəsi vasitəsilə dairəyə doğru hərəkət edib, Z.Bünyadov prospekti istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələrinin isə dairəyə daxil olmadan düzünə hərəkəti təşkil ediləcək. Cavadxan və Hüseyn Seyidzadə küçəsinin kəsişməsində hərəkətin kanallaşdırılması məqsədilə ayırıcı adacıq inşa olunacaq. Hüseyn Seyidzadə küçəsi vasitəsilə (Eldar Babayev küçəsi istiqamətindən) dairə istiqamətində hərəkət edib sağa, Cavadxan küçəsinə yönəlmək istəyən nəqliyyat vasitələri üçün isə əlavə zolaq yaradılacaq.

Biləcəri dairəsi adlanan ərazidə də dairənin həndəsi ölçüləri dəyişdirilir. Həmçinin, nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılır, mövcud avtobus dayanacaq məntəqələrinin yerləri dəyişdirilir. Həm dairənin, həm də Natavan və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkət svetoforlarla tənzimlənəcək. Piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədilə nizamlanan piyada keçidlərinin təşkili nəzərdə tutulub.