Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının və “Skal İnternational Baku” klubunun təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının və “Dogan GeoTermal Hattusa Vacations Club”un dəstəyi ilə birinci Azərbaycan Türkiyə onlayn turizm Forumu baş tutub.

Open.az xəbər verir ki, “Post pandemiya dövründə Azərbaycan və Türkiyə arasında alternativ turizm növlərinin inkişaf etdirilməsi, təhlükəsizlik dəhlizlərinin yaradılması konsepsiyası, sağlamlıq və termal turizm fəaliyyətləri” mövzusunda keçirilən online forumda Türkiyə tərəfindən “Doğan Jeotermal Grup” və “Hattuşa Vacation Thermal Club”un İdarə Heyətinin sədri Mehmet Əli Doğan, “Dogan Jeotermal” qrupunun baş direktoru Tolğay Benderli, “Jeotermal Vakfı” və devretatil yatırımcı və pazarlamacılar derneyinin idarə heyəti, və digərləri iştirak ediblər.

Azərbaycan tərəfindən isə Milli Məclisinin deputatı Vuqar Bayramov, Y.Məmmədəliyev adına Neft-Kimya prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev, icraçı direktoru Tərlan Quliyev, “Skal İnternational Baku” klubunun prezidenti Ceyhun Aşurov, KOBİA nümayəndəsi Asif Cəfərov, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Nərmin Qəniyeva, Müalicə-kurort sanatoriyaların nümayəndələri qatılıblar.

Giriş sözü ilə qonaqları salamlayan Ruslan Quliyev Azərbaycan və Türkiyə arasında turizm və sağlamlıq turizmin mümkün potensialından və inkişafın danışaraq iştirakçılara ətraflı məlumat verib. Daha sonra “Skal İnternational Baku” klubunun prezidenti Ceyhun Aşurov pandemiya dövründə sektorun cari vəziyyəti və post pandemiya dövründə baş verə biləcək vəziyyətlə bağlı fikirlərini bildirib. Çıxışa davam edən Mehmet Əli Doğan Azərbaycanın Türkiyə üçün önəmli turizm destinasiyası, eyni zamanda türk iş adamlarının yatırım etməsi üçün əlverişli və qardaş ölkə olduğunu vurğulayıb. “Hattusa Vacation Club” otelləri haqqında və “timesharing” proqramı haqqında iştirakçılara təqdimat edən Tolgay Benderli xüsusi tətbiq edilən satış mexanizmi adlandırılan proqramını qısa zamanda Azərbaycan otelləri üçün də tətbiq ediləcəyindən bəhs edib.

Qarşılıq sual və fikir mübadiləsi ilə keçən forumda 60-dan çox sektor nümayəndəsi iştirak edib.

Sonda iki ölkə arasında bundan sonra da davamlı olaraq forum, konfrans və yatırımla, turizm və sağlamlıq turizmin inkişaf amillərini gücləndirəcək proseslərin davam etdiriləcəyini bildirən AHTTSA-nın icraçı direktoru Tərlan Quliyev post pandemiya dövründə daxili turizmin inkişafı istiqamətində zəruri addımların atılması ilə bağlı təklifləri səsləndirib.