“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Open.az xəbər verir ki, Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Binəqədi rayonunda yeni layihələrin icrasına başlanılıb.

Binəqədi rayonunda icra olunan layihələr bir neçə istiqamətdə həyata keçirilir. Hazırda Binəqədi qəsəbəsi Fəxrəddin Qurbanov və Xocasən qəsəbəsi Ruslan Allahverdiyev küçələrində, həmçinin ATS yolu adlanan ərazidə yeni içməli su şəbəkələri yaradılır.

F.Qurbanov küçəsində icra olunan layihə çərçivəsində küçə boyu 110 mm diametrli borularla yeni 3 km su xətti çəkilir. Layihəyə əsasən. Yeni xətdən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Xocasən qəsəbəsinin Ruslan Allahverdiyev küçəsində və ATS yolu adlanan ərazidə icra olunan layihə çərçivəsində burada 280-100 mm diametrli borularla 5 km uzunluğunda su xətləri çəkiləcək.

Hazırda Binəqədi rayonunda “Azərsu” ASC tərəfindən icra olunan kanalizasiya layihəsi də ekoloji baxımdan əhəmiyyət kəsb edir. Layihəyə əsasən Binəqədi qəsəbəsinin I Mədən küçəsindən (DSK yolu) keçən açıq kanal örtülü kollektorla əvəzlənir. Təxminən 300 metr məsafədə 1000 mm diametrli metal borularla daşıyıcı kollektor tikilir. Layihə çərçivəsində ətraf ərazilərdəki yaşayış evləri və obyektlərin tullantı sularının axıdılması məqsədilə kanalizasiya quyularının da tikintisi nəzərdə tutulub. İşlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur. Bununla da ərazidəki yaşayış evləri və obyektlərin məişət və təsərrüfat mənşəli tullantı sularıının açıq kanallarla axıdılmasının qarşısı alınacaq.