Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) yeni təyinatlar olub.

“Azneft”dən Open.az-a verilən məlumata görə, Elmir Qaragözov Birliyin baş geoloqu - baş direktorun müavini, Balaəli Cəfərov isə baş mühəndisin hasilat üzrə müavini təyin edilib.

Bu münasibətlə “Azneft” İB-də təqdimat mərasimi keçirilib. Əvvəlcə SOCAR-ın İnsan Resursları Departamentinin Personalın uçotu şöbəsinin rəisi Mahal Mehdiyev və “Azneft” İB-nin İnsan Resursları Departamanetinin rəisi Cavid Umbayev yeni təyinatlarla bağlı müvafiq əmrləri diqqətə çatdırıblar, onların iş fəaliyyəti barədə məlumat veriblər.

Yeni vəzifələrə təyin olunan şəxsləri təbrik edən “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ümidvar olduğunu bildirib ki, gənc və perspektivli kadrlar bundan sonrakı vəzifələrində də Birliyin uğurlu fəaliyyətinə öz layiqli töhfələrini verəcəklər.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov şirkətin struktur bölmələri arasında “Azneft” İB-nin əhəmiyyətini xüsusi olaraq vurğulayıb, gənc kadrların yeni vəzifələrə təyinatını müsbət qiymətləndirib.

Sonda Elmir Qaragözov və Balaəli Cəfərov çıxış edərək onlara göstərilən yüksək etimada görə SOCAR və “Azneft” İB-nin rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər.