Hər il olduğu kimi, bu il də Yeni ili ölkə xaricində qarşılamaq istəyənlər var. Nəzərə alsaq ki, bayrama sayılı günlər qalmış bilet sifariş verənlər çox olur, indidən biletləri bron edənlər də az deyil.

Bəs görəsən, azərbaycanlılar 2019-cu ili qarşılamaq üçün daha çox hansı ölkələrə üz tuturlar. Bunun üçün bir neçə turizm agentliyi ilə əlaqə saxladıq.

“Earth Travel Baku”dan Open.az-a verilən məlumata görə, müraciətlər daha çox Türkiyə, Rusiya və Avropa ölkələrinədir: “Səyahət etmək istəyənlərin sayında ötən illə müqayisədə elə də fərq yoxdur”.

“Hello Baku Travel Agency”dən bildirilib ki, müştərilər əsasən, Avropa (İspaniya,İtaliya,Fransa) Türkiyə və Cənubi Asiya ölkələrinə (Tailand, Şri-lanka) üstünlük verirlər.

“Khazar Travel and Tourism”ə müraciət edənlər Türkiyə və Dubay istiqamətində səfər etməyi planlaşdırır.

“Baku travel and Tourism”dən isə bildirilib ki, Yeni il üçün Dubay və İstanbulu seçənlər daha çoxdur: “Müraciət edənlər də kifayət qədərdir”.

"Welcome Travel Azerbaijan"dən verilən məlumata görə, okytabr-noyabr ayında Avropa ölkələrinə, London, Parisə gediş çox olub: "Bu ay isə daha çox İstanbul, Moskva, Dubaya üstünlük verir. Çünki Avropa ölkələrinə getmək üçün viza lazımdır. Səfirliklərdə də sıxlıq olduğuna görə, daha çox vizasız ölkələrə bilet alırlar".

"Baku Holiday Travel" isə Sankt-Peterburq, Dubay, Şarm Əl Şeyx, Paris, İstanbul, Moskva, Praqa, İtaliya və Sinqapur istiqamətinə bilet üçün müraciət edənlərin daha çox olduğunu bildirib.

Şəfiqə