Azərbaycan Dünya Ekoturizm Təşkilatına (The İnternational Ekotourusm Society’s) üzv qəbul edilib.

Open.az xəbər verir ki, bu barədə təşkilatın ölkəmiz üzrə nümayəndəliyinin rəhbəri, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev bildirib.

Dünya Ekoturizm Təşkilatına üzvlüyün əhəmiyyətindən danışan Ruslan Quliyev deyib ki, Azərbaycanın son illərdə apardığı turizm siyasətinin, ölkənin bu istiqamətdə potensialının beynəlxalq səviyyədə təbliğinin, paytaxtımızın nüfuzlu tədbirlərə ev sahibliyi etməsinin və Dünya Turizm Təşkilatı ilə yaxından əməkdaşlığın nəticəsidir ölkəmiz artıq bir neçə dünya səviyyəli turizm qurumuna üzv qəbul edilib. Onun sözlərinə görə, Dünya Ekoturizm Təşkilatının qurucuları Amerika və Avropa ölkələrinin qurumlarıdır və 100-dən çox ölkə bu təşkilatın üzvüdür.

Ruslan Quliyev diqqətə çatdırıb ki, belə yüksək səviyyəli qurumlarda təmsilçilik Azərbaycanın turizm sektorunun nümayəndələrini öz fəaliyyətlərini daha da genişləndirməyə, ölkənin dünyada müxtəlif turizm istiqamətləri üzrə əhəmiyyətli bir destinasiya kimi tanınması üçün daha böyük həvəslə çalışmağa sövq edir.