Prezident İlham Əliyevin “Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında” 2019-cu il 28 noyabr tarixli Sərəncamının icrası çərçivəsində Şamaxıya Türkiyə istehsalı olan yeni, müasir standartlara cavab verən iritutumlu avtobuslar gətirilib.

Open.az xəbər verir ki, şəhərdaxili sərnişindaşıma üçün nəzərdə tutulan avtobuslar 27 oturacaqlı olmaqla, 64 sərnişin tutumuna malikdir. Avtobuslar hər gün səhər saat 07:00-dan axşam 19:00-dək şəhər daxilində 9 istiqamət üzrə hərəkət edəcək.

Rayona məişət tullantılarının daşınması, yolların təmizlənməsi, təcili və təxirəsalınmaz tibbi yardım üçün texnika və avadanlıqların alınaraq gətirilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınması məqsədilə Şamaxı Rayon İcra Hakimiyyətinə 7 milyon manat ayrılıb.