Bakı Kitab Mərkəzinin "Yazıçı ilə dialoq" layihəsinin bu dəfəki qonağı görkəmli şair, yazıçı, kinodramaturq Ramiz Rövşən olub.

Sonuncu dəfə belə silsilə görüşlər Ramiz Rövşənin 70 illik yubileyi ərəfəsində keçirilmişdi. Bu dəfəki görüş isə görkəmli şairin yenicə çapdan çıxmış üç kitabına həsr edldi.

Belə ki, sevimli şair Ramiz Rövşənin kiçik yaşlı oxuculara həsr etdiyi "Gizlənmişəm tap məni" və "Göyərçinim, gəl görüm" kitabı yeni işıq üzü görüb.

Ramiz Rövşən poeziyasının vurğunlarının sevdiyi, əzizləyərək oxuyub, yadda saxladığı sevgi şeirlərinə yeni bir kitab əlavə edilib. Sevilən şairin "Sevgi açarı" adlı yeni şeirlər kitabı nəşr olunub.

Görüşdə hər üç kitabdan bəhs edən Ramiz Rövşən auditoriyanın gənclərdən ibarət olduğunu nəzərə alıb, "Sevgi açarı" şeirlər kitabından olan yeni və klassikləşən keçmiş şeirlərindən parçalar səsləndirdi.

Ramiz Rövşən gənclərə xitabən: "Mən təkcə sizə nələrsə demək fikrində deyiləm. Həm də sizdən nələrisə eşitmək və hətta öyrənmək fikrindəyəm" deyə əlavə etdi.

"Mənim yeni "Sevgi açarı" adlı şeirlər kitabım çapdan çıxıb. Buradakı şeirlərimin böyük bir hissəsini sizin yaşda, yəni gənc olduğum dövrlərdə yazmışam. Həmçinin "Sevgi açarı" şeirlər kitabıma çoxdan yazdığım, amma heç bir kitabımda çap olunmayan şeirlərim də daxil olub. "Sevgi açarı"nda əsasən 1960-70-ci illərdə yazdığım şeirlər toplanıb. Bu kitaba dostlarımın xahişi ilə orta məktəbdə yazdığım şeirləri də əlavə etmişəm. Kitabda 16-17 yaşımda yazdığım şeirlərlə yanaşı, dünya poeziyasından sevdiyim şeirlərin tərcümələri də yer alıb. "Sevgi açarı"nda 10-15 şeirin tərcüməsi var. Əslində tərcümələrim çoxdur. Kitabda mənim çox sevdiyim şairə Mariya Svetayevadan tərcümə etdiyim bir neçə şeirlər yer alıb.

Həmçinin bu kitabdan əlavə iki yeni kitabım "Gizlənmişəm tap məni " və "Göyərçinim, gəl görüm" adlı şeirli, şəkilli əlifba kitabı yazmışam. Hər iki kitab balaca oxucularıma ünvanlanıb. Gənc yaşımda inana bilməzdim ki, bir gün gələcək bu yaşımda və bu çəkidə şair ola biləcəm. Gənc yaşda olanda 70 yaşa gəlib, çatmağını düşünmək çətindir. Amma 70 yaşımdan sonra uşaqlar üçün şeir yazmağa başladım və belə şeirlərin yazılması şairin ruhunu hər zaman daha gənc saxlayır. Körpə balalarımıza şeir yazmağı mənəvi borcum hesab edirəm. Uşaqları körpə vaxtı peyvənd edirlər. Mən hesab edirəm ki, belə kitablar da bir növ mənəvi, əxlaqi peyvənddir. Belə kitablar balacalara şeirlər vasitəsilə aşılanır. Mənim şəkilli əlifba kitabımda hərflər və hər hərfə aid kiçik bir şeir yer alıb. İlk şeir A hərfinə aiddir və belədir."Ana dedim, can dedi, mən də anacan dedim..."

Nə deyəcəksənsə, onun əks-sədası gələcək. Bizə can deyənə, biz anacan deyirik. Körpəlikdən uşaqları sevgi duyğusu ilə böyütmək lazımdır. Uşaqlara aid yazdığım bir kitabım da var. Kitab "Gəl, dost olaq qurbağa" adlanır. Sizə deyim ki, uşaq şairi bir az müəllim, bir az da alim olmalıdır. Çünki sən öz şeirlərinlə uşağa təkcə dünyanı tanıtmırsan. Həm də uşağın dünyaya baxışını formalaşdırırsan".

Daha sonra Ramiz Rövşən sevilən şeirlərini səsləndirdi və bir zamanlar atası və özü ilə bağlı yazdığı bir şeirindən gənc oxuculara misal çəkdi.

"Atamla və özümlə bağlı bir şeirim vardı. O şeirdə deyirdim ki,

"Cızığımdan çıxma deyir, atam mənə haçandır

Bəs çıxmasam, hardan bilim cızığım haracandır?!"

"Mən həyatım boyu o cızıqlardan çıxmağa çalışmışam. Bir dəfə demişdim ki, şair şer yazdıqca içindəki sıxıntılardan, dərdlərdən azad olur. Sən azad olursansa, səni oxuyanları da azad edirsən.İnsanın çölündə və içində olan çevrə var. İnsan, içindəki çevrədən azad olmalıdır. Əsas insanın mənəvi azadlığıdır".

Ramiz Rövşən oxucuları ilə uzun zamandır belə görüşlərin keçirilmədiyini bildirib: "Bəziləri şairlə görüşlərin o qədər də dəb olmadığını deyir. Amma mənim cavanlığımda yadıma gəlir ki, belə görüşlər çox tez-tez olardı. Son vaxtlar deyirlər ki, oxucu yoxdur, oxucu qıtlığıdır. Bu, aldadıcı təsəllidir. Həmçinin elə şairlər də var, deyirlər ki, mən oxucunu neynirəm? Oxucusuz da şair olmaq olar. Mən bunu bir dəfə demişəm. Əgər oxucu lazım deyilsə, onda şeiri gedib dəniz qırağında qumlara yazmaq lazımdır ki, su da yuyub aparsın. Mahiyyət etibarı ilə şair şeirlərini özü yaratdığı kimi doğma adamları tapır. Tolstoyun gözəl sözü var. Deyir ki, "Ədəbiyyat insanları tənhalıqdan xilas edir." Yəni oxuyursan və görürsən ki, sənin duyduqlarını, düşündüklərini başqası da düşünür, sənin çəkdiyin dərdləri bir başqası da çəkir. İnsan niyə yazır? İnsan yazır ki, saxlasın. İnsan adətən nəyi saxlamaq istəyir? İnsan gedəni, itəni, zamanı saxlamaq istəyir. Amma zamanı daşlaşdırıb, saxlamaq lazım deyil. Zamanı hərəkətdə olan canlı kimi saxlamaq lazımdır. Adətən şair öz hissini, duyğusunu yazır. Sevimli şairəm Svetayevanın bir gözəl sözü var. Deyir ki, "Bizim balalarımız bizdən yaşlıdır. Niyə görə yaşlıdır? Çünki biz onlardan yaşlıyıq keçmişə görə, onlar bizdən yaşlıdırlar gələcəyə görə. Biz onların görmədiklərini görmüşük. Onlar isə bizim görməyəcəklərimizi görəcəklər".

Görkəmli şair Ramiz Rövşən iki saata yaxın zaman kəsiyində onu dinləməyə gələn, Ramiz Rövşən şeirinin işığına toplaşan pərəstişkarlarına onun narahat edən, düşündürən mətləblərdən söz açdı, şəxsinə ünvanlanan suallara cavab verdi.

"Mən istəyirəm ki, sizin gələcəyiniz bizim keçmişimizdən qat-qat işıqlı olsun. İnşallah, düşünürəm ki, elə də olacaq".

Ramiz Rövşən poeziyasında ALLAH duyğusu, yaradanın adı, ona münasibət Ramiz Rövşənsayağı oxucuya çatdırılır. Şairlə görüşdə ona ünvanlanan suallardan biri də "Şair və Allah" mövzusuna həsr olundu.

"Əgər şair yazırsa, deməli icazəsi var. Mənim İranda həm Azərbaycan türkcəsində, həm də farsca çoxlu kitablarım çap olunub. Baxmayaraq ki, həmin kitablarda mənim Allaha həsr olunan, ünvanlanan bəzi şeirlərim var. Amma İranda kitablarım çap olunanda bir misrama belə toxunmadan, yazdığımı dəyişmədən çap ediblər. Bilirsiniz niyə? Çünki sufi düşüncəsində nəyi demək olar və ya olmaz... Bunun ən yaxşısını orada bilirlər. Baxmayaraq ki, orada da xeyli ortadoksal düşüncəli adamlar var. İranda farsca çıxan ədəbiyyat jurnalında mənim haqqımda belə fikirlər yazmışdılar ki, "Sizin şeirlərinizdə Allah adı çox səslənir. Sanki Allah özü şeir yazır." Bu fikrə cavab olaraq bildirdim ki, "Mənim həyatımda Allah nə qədərdisə, şeirlərimdə də o, qədərdir. Amma şeir yazanda hərdən adam əlinin üstündə bir başqa əli hiss edir. "30 il əvvəl mənə belə bir sual ünvanlanmışdı. "Ramiz Rövşən, şeir yazmayanda Allah yadına düşürmü?". Mən də cavabında demişdim ki: "Mən, şeir yazanda Allahın yadına düşürəm. Allah isə həmişə mənim yadımdadır. Nə qədər ki, Allahın yadındayıq, şeir yazacayıq. Yetər ki, Allahın yadından çıxmayaq".

Ötən əsrin 60-cı illərində bizim poeziyamızdaiki mövzu qadağan olunmuşdu. Allah və Ölüm mövzusu. Elə bil ki, insanlar ölmürlər. O mövzuya qayıdışı ilk dəfə Səməd Vurğunun "İnsan" pyesində müşahidə etdik. Sonralar Rəsul Rza, Bəxtiyar Vahabzadə, Əli Kərim, Məmməd Araz bu mövzuya müraciət etdi. Beləliklə də, mövzuya yanaşma bir az yumşaldı. Amma bir neçə şair - Vaqif Səmədoğlu, Vaqif Bayatlı və bəndəniz, sizin şairiniz Ramiz Rövşən o mövzulara yaradıcılığımızda bir az çox yer verdik. Düzdür, belə mövzulara görə şeirlərimiz o qədər də çox çap olunmurdu. Qəribədir ki, o zamanlar şeirlərimizi Allahın adını çəkdiyimizə görə çap etmək istəmirdilər. Deyirdilər ki, Allahın adını çəkmək olmaz. Sonralar isə dedilər ki, Allaha belə müraciət etmək olmaz. Sizə deyim ki, hər ikisi yalnış yanaşmadır. Şerə ideoloji gözlə baxmaq, siyasi baxışlarla qiymətləndirmək yalnışdır. Şeir daha geniş anlayışdır. Şeir təskinlikdir, məlhəmdir. Amma şairin özünə məlhəm deyil. Dərd şairləri tapır...".

Maraqlı keçən görüşün sonunda Ramiz Rövşən "Nəfəs" və yenicə çapdan çıxmış "Sevgi açarı", "Gizlənmişəm, tap məni ", " Göyərçinim, gəl görüm" kitablarını imzalayaraq oxucularına təqdim edib.

Ramiz Rövşənlə görüşdə yaxın dostları Ramiz Həsənoğlu, Rafiq Əliyev, Rəşad Məcid, Anar, Yaşar Əliyev, Ehtiram Hüseynov, Nigar Həsənzadə, Günel Rzayeva və başqaları iştirak ediblər.

Ramiz Rövşənin ürək sözlərini qələmə aldı: Ülviyyə Həsənqızı