Azərbaycan əsilli görkəmli opera müğənnisi, Azərbaycanın xalq artisti Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın Xalq artisti, tanınmış opera müğənnisi Anna Netrebko ilə birlikdə Cüzeppe Verdinin "Aida" operasında çıxış edib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqun Marinski Teatrında baş tutan tamaşa böyük uğurla nümayiş olunub.

"Aida" operasının məşhur baş qəhrəmanını Anna Netrebko canlandırıb.

Yusif Eyvazov tamaşadan əvvəl mətbuat nümayəndələri ilə söhbətində bildirib ki, məşhur operanın məşqləri bir neçə ay davam edib və "Aida" operası onların ifasında ilk dəfə Marinski Teatrında nümayiş olunacaq.

Azərbaycanın Xalq artisti Yusif Eyvazov həyat yoldaşı Anna Netrebkonun "Aida" sına fikir bildirərkən deyib ki: "C.Verdi "Aida"nı sanki Anna Netrebko üçün yazıb".

Öz növbəsində isə Anna Netrebko bildirib ki: "Mənim üçün tərəf müqabili çox mühümdür. Yaxşı səsə malik tərəf müqabili isə ikiqat vacibdir".

Qeyd edək ki, konsertləri anşlaqla baş tutan ailə duetinin tamaşalarına satılan bütün biletlər, operanın elanı veriləndən 2-3 saat sonra başa çatıb.

Xatırladaq ki, "Aida" operası Cüzeppe Verdinin ən uzun əsəri sayılır. 4 hissədən ibarət olan opera antraktlarla birlikdə 4 saat davam edir.

"Aida" operası Rusiyanın müxtəlif Opera səhnələrində 150 ildir səhnəyə qoyulur.

Ülviyyə Həsənqızı