YUĞ Dövlət Teatrı iyulun 12-dən 17-dək Şamaxı, Quba, Xaçmaz, İsmayıllı və Abşeron rayonlarına qastrol səfərinə yollanacaq.

Open.az xəbər verir ki, Teatr qastrol səfərində çox sevilən "Sonuncu" tamaşasını nümayiş etdirəcək.

Qeyd edək ki, yazıçı Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tətribatçısı Xalq artisti Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımov, qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
Tamaşada Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət RəhimovLəman Novruzova çıxış edir.
Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Əsərdə ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

Ülviyyə Həsənqızı