Beynəlxalq Muğam Mərkəzi (BMM) ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə dağıdılıb talan edilən tarixi-mədəni irsimizin bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələrin icrasına başlayıb. Azərbaycan musiqi tarixində mühüm yer tutan Qarabağın musiqi tarixi də öz qədimliyi və özünəməxsusluğu ilə seçilir. Mütəmadi olaraq musiqi irsimiz, qədim musiqi alətlərimiz və muğamlarımız haqqında məruzə və məlumatlar təqdim edən BMM bu dəfə “Qarabağ muğam məktəbi və Qarabağ xanəndələri” adlı layihəni təqdim edəcək.

Open.az xəbər verir ki, ilk mərhələdə qədim Şuşa və Şuşanın yetirdiyi musiqiçilərlə yanaşı, BMM-nin foyesində büstləri qoyulan korifey xanəndələr haqqında məlumatlar təqdim olunacaq.

Yolumuz mədəniyyət, musiqi məbədimizi olan Şuşayadır-Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi

Yolumuz mədəniyyət, musiqi məbədimizi olan Şuşayadır. Şuşa – Zaqafqaziyanın konservatoriyasıdır, təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətiriblər. Şuşa Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Primovun, bəstəkarlardan Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behdudovun və daha onlarla tanınan, adı tarixə yazılan musiqiçilərin vətənidir.

XIX əsrin birinci yarısından başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri ilə birlikdə xanəndə sənəti də daha sürətlə inkişaf edib. Xanəndəlik sənəti Azərbaycanın başqa yerlərinə nisbətən Qarabağ mahalında, daha çox və xüsusilə Şuşa şəhərində inkişaf etmişdi. Bu şübhəsiz, təsadüfi bir hal olmayıb, Şuşanın coğrafi şəraiti, digər tərəfdən isə şəhərin geniş mədəni-iqtisadi münasibətləri ilə əlaqədar idi.

Qeyd edək ki, layihə BMM-in sosial şəbəkə hesablarından yayımlanacaq.