Azərbaycanın görkəmli ədəbiyyat xadimi “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi məşhur romanların müəllifi, mərhum yazıçı Fərman Kərimzadənin qızı, yazıçı Yeganə Kərimzadənin yeni romanı nəşr olunub.

Bu barədə Open.az-a açıqlama verən Yeganə Kərimzadə bildirib ki, “Şah" adlı tarixi roman ilk dəfə Ərdəbildə dərc olunub. Yeganə Kərimzadənin sözlərinə görə, romanın ilk nəşri, yaradılan süni problemlər ucbatından Bakıda deyil, Ərdəbildə işıq üzü görüb. “

“”Şah" romanı posmodern əsərdir. Postmodern əsərlərlərdə belə qanun var. “Kimə nə lazımdırsa, onu götürmək” Mənim romanımda da belədir. Romanda Şah İsmayıl və bizim müasir dövrümüzdən olan məqamlara rast gəlinir. “Şah" romanında kriminal elementlər də yer alıb. Həmçinin bir əsr sonranı əks etdirən məqamlar romanda qeyd olunub. Romanın sonunda özümdən, 100 yaşımda necə olacağımdan, sabahkı aqibətimdən, bir əsr sonrakı durumdan yazmışam. “Şah" romanında hamının gözlədiyi 12-ci imam Sahibəz Zaman- Məhəmməd Mehdinin zühur etməsi əks olunur. Hamımız bu tarixdə yaşamaq istəyərdik. Sadaladığım bütün məqamlar bu əsərdə yer alıb.”

Yeganə Kərimzadə “Şah" tarixi romanını atasının ruhuna ithaf etdiyini qeyd edib.

“Bu əsərlə nəyi demək istəmişəm. Birincisi, romanı atamın ruhuna ithaf etmişəm. İkinci isə, bu əsərlə bir çox mesajlar verirəm. Romanın ilk dəfə Ərdəbildə çap olunması təsadüfdən doğan zərurət idi. Belə ki, Ərdəbildə atam, Fərman Kərimzadənin əsəri çap olunmuşdu. Bu məqsədlə Ərdəbilə getmişdim. Azərbaycan ədəbiyyatını, mədəniyyətini çox sevən Beycan müəllimin evinin qonağı oldum. Romanımı ilk dəfə onların ailəsində oxudum. Maraqla qarşılandı və bəyənildi. Daha sonra ərdəbilli ədəbiyyatsevər ailədə bu romanı çap edirmək qərarı verildi. Romanı Bakıda, nəşriyyatların birinə təqdim etmişdim. Amma bəzi problemlər yarandı və son nəticədə əsəri çap etmədilər. Amma əsərin ilk olaraq Ərdəbildə çap olunması lap yerinə düşdü. “Şah " romanı qəhrəmanının vətənində çap olunmalıydı. Tarixi əsərdə Şah İsmayılın döyüş xəritəsi əks olunur. Əsərdə mistika, nağılvarı məqamlar var. Yazıçı olaraq, əsərdə bu günümdən keçmişə nəzər salmışam. Romanın iki gündür çap olumasına baxmayaraq, fars dilinə tərcümə olunması ilə bağlı təklif almışam. Ərdəbildə nəşr olunan variantda roman fars əlifbası ilə azərbaycan dlində çap olunub. Həmçinin əsərin Türkiyədə çap olunması gözlənilir.”

Yeganə Kərimzadə “Şah" tarixi romanını iki ilə yazdığını deyib. Yazıçı əsərdə,ömrünün son illərini qürbətdə keçirən qəhrəmanın özü olduğunu qeyd edib.

“Romanda həmin məqamlar müasir İsmayılın dili ilə verilib. Müasir İsmayılı araşdırmaçı jurnalist kimi qələmə vermişəm. Ömrünün son illərini qürbətdə keçirən qadın-Mənəm. Düzdür, mənim qürbətdə yaşamaq fikrim yoxdur. Amma əsərdə kod var. Həmin koda görə də mənim əsərim ilk dəfə xaricdə çap olundu.”

Qeyd edək ki, tarixi romanın ikinci adı “Vatikandan gələn səslər” dir.

Yazıçı Yeganə Kərimzadə əsərin Azərbaycanda nəşr olunacaq variantını bu adla çap etdirmək istəyir.

Ülviyyə Həsənqızı