Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Xocalı fəryadı” adlı tədbir keçirilib.

Open.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Xocalı faciəsinə dair videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər bildirib ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında, Xocalıda üzləşib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədilik həkk olunub. Erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.

Tədbirdə həmin hadisələrin canlı şahidi olan Xocalı rayonu Yaloba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tofiq Məmmədov çıxış edərək həmin günlərin dəhşətini, şahidi olduğu hadisələri iştirakçıların nəzərinə çatdırıb.

Sonda Elmi Bərpa Mərkəzinin kollektivi və qonaqlar Cəbrayıl rayonu 22 nömrəli məcburi köçkün məktəbinin müəllim və şagird kollektivi ilə birlikdə “Ana harayı” abidəsini ziyarət ediblər.