Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun yaradıcılığına müraciət edib.

Open.az xəbər verir ki, kitabxananın metodika-biblioqrafiya şöbəsi yazıçının şah əsəri sayılan “Mücrü” əsərini səsləndirib.

Qeyd edək ki, Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin 1948-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan gizli təşkilatın yaradıcılarından biri kimi ittiham edilərək, məhkəmə hökmü ilə 25 illik həbs cəzasına məhkum edilib. O, yalnız 8 il sonra, 1956-cı ildə tam bəraət qazanıb və Azərbaycan Dövlət Universitetinin aspiranturasına bərpa edilib. Görkəmli yazıçı 2013-cü ildə vəfat edib.