Vətən müharibəsində Azərbaycanın qələbəsi tarixi hadisə oldu. Bu barədə hələ çox deyiləcək, çox yazılacaq, çox əsərlər yaradılacaq. Azərbaycanın Xalq rəssamı, plakatçı və illüstrasiyaçı Arif Hüseynov Qələbəyə həsr edilmiş plakatlar silsiləsini “Qalibiyyət” adlandırıb.

Open.az xəbər verir ki, Qarabağ müharibəsi mövzusu Arif Hüseynovu həmişə maraqlandırıb. O hesab edir ki, biz bu gün üzləşdiyimiz gerçəkliyi - müharibə ilə sülh arasında, dostlarla satqınlar arasında yaşamağımızı unutmamalı, lakin bu vəziyyətlə barışmamalı, onun mənbəyini anlamalı, ümidimizi heç vaxt itirməməliyik.

Nəhayət, çoxdan gözlədiyimiz Qələbə günü yetişdi! Rəssamın əvvəlki işləri əsasən ağ-qara fonda çəkilmiş qravürlər idisə, “Qalibiyyət” silsiləsini təşkil edən plakatlar bayrağımız kimi qırmızı, yaşıl və göy rənglərdə, doğma Qarabağın günəşli səması rəngindədir.

 Xalq rəssamı Arif Hüseynovun Qələbəyə həsr edilmiş plakatlar silsiləsinin təqdimatı keçirilib

“Qalibiyyət” silsiləsinə daxil olan səkkiz plakatda Ali Baş Komandan, gözəl Şuşa, doğma torpaqlarımızı işğaldan xilas edən qalib Azərbaycan əsgərləri təsvir edilib.

Otuz ilə yaxın müddətdə millətimizin ən ağrılı yeri olmuş bu dilbər guşənin tarixinə, hərbi və mədəni keçmişinə həsr edilmiş monumental silsilənin yaradılmasına Arif Hüseynov həyatının təqribən altı ilini həsr edib. Rəssamın bu mövzuya həsr edilmiş sərgiləri keçirilib, üç dildə “Qarabağnamə” albomu nəşr olunub.

Təqdimat mərasimi Bakı Kitab Mərkəzində keçirilmiş bu albomda Qarabağın rəmzləri – Xarıbülbül gülü, Şuşadakı heykəllər, alban abidələri, Xudafərin körpüsü, Rusiya çarı Birinci Pyotrun ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə fərmanı... yer alıb. Bir sözlə, yeni nəsillərin Qarabağı vizual şəkildə görməsi üçün rəssam əlindən gələni edib. Qarabağa həsr edilmiş sərgi “Müharibə və sülh müasir dövrün reallıqları kimi” adlanırdı.

 Xalq rəssamı Arif Hüseynovun Qələbəyə həsr edilmiş plakatlar silsiləsinin təqdimatı keçirilib

“Qarabağnamə” seriyası Qarabağın və Azərbaycanın taleyi, bu diyarın həyatının müxtəlif cəhətləri və tarixi faktlar barədə sənədli-bədii hekayətdir. Rəssam çoxsaylı sənədləri, fotoşəkilləri, arxeoloji ekspedisiyaların hesabatlarını, memarlığa, dekorativ-tətbiqi incəsənətə, musiqiyə aid tədqiqat əsərlərini, nəhayət Azərbaycanın görkəmli övladlarının – ölkə rəhbərlərinin, sərkərdələrin, qəhrəmanların tərcümeyi-hallarını diqqətlə öyrənərək, yurdumuzun keçmişi, bu günü və gələcəyi barədə əsl epopeya yaradıb.

 Xalq rəssamı Arif Hüseynovun Qələbəyə həsr edilmiş plakatlar silsiləsinin təqdimatı keçirilib

Şübhə yoxdur ki, tanınmış rəssamın son işləri Qarabağın, yenilməz Şuşa qalasının və onun xilaskarı olan müzəffər Azərbaycan Ordusunun tarixi salnaməsinin davamı olacaq.

Arif Hüseynovun “Qarabağnamə” silsiləsində bütün kompozisiyalar real faktları əks etdirir. Tarixi mötəbərlik onun yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir.

“Qarabağnamə” – təkcə rəssamın bədii təxəyyülünün məhsulu deyil, bu, konkret hadisələrə, faktlara əsaslanan, konkret şəxslərlə bağlı tarixdir. İndi bu silsilə həm də doğma Qarabağın, 30 il gözlədiyimiz Qələbənin tarixidir. (AzərTac)