Azərbaycanın Xalq artisti, görkəmli kinoaktrisası, Prezident təqaüdçüsü Həmidə Ömərova professor olub.

Open.az xəbər verir ki, uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edən, dosent Həmidə Ömərova ötən gün Professor elmi adını qazanıb.

Bu münasibətlə yaxın dostları, müəllim yoldaşları sosila şəbəkədə Həmidə Ömərovanı təbrik ediblər.

Qeyd edək ki, Həmidə Məmməd qızı Ömərova 1957-ci il aprelin 25-də Bakı şəhərində anadan olub.

1975-1979-cu illərdə Sergey Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. 1979-1993-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. Azərbaycan kinosunda yaddaqalan, maraqlı qadın obrazlarını ifa edib. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə alıb.

1986-cı ildə Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olub.

Ülviyyə Həsənqızı

Xalq artisti Professor oldu