Bu gün Azərbaycanın görkəmli kinorejissoru, Xalq artisti Rasim Ocaqovun doğum günüdür.

Open.az xəbər verir ki, yaratdığı ekran əsərləri ilə Azərbaycan kinosunda silinməz iz qoyan mərhum rejissorun 86 yaşı tamam olur.

Bu münasibətlə Azərbaycanın tanınmış kino xadimləri İkinci Fəxri Xiyabanda görkəmli rejissorun məzarını ziyarət ediblər.

Rasim Ocaqov 1933-cü ildə Şəkidə anadan olub.

1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor kimi fəaliyyət göstərib.

50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. 1958-ci ildə "Onun böyük ürəyi" filmi R. Ocaqovun ilk sərbəst işi olub. "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.

Rejissor kimi kinoda ilk işi isə "Qatır Məmməd" filmi olub. Sonralar "Tütək səsi", "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "İstintaq", "Park", "Ölsəm bağışla", "Təhminə", "Otel otağı" ümumilikdə 12 bədii film çəkib.

Rasim Ocaqov 2006-cı il iyulun 11-də Bakıda vəfat edib.

2013-cü il noyabrın 22-də Bakıda Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib.

Ülviyyə Həsənqızı

Xalq artisti, kinorejissor Rasim Ocaqovun xatirəsi yad edilib

Xalq artisti, kinorejissor Rasim Ocaqovun xatirəsi yad edilib