Dekabrın 10-da görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın (1918-2005) anadan olmasının 100 ili tamam olub.

Open.az xəbər verir ki, bu münasibətlə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları ikinci Fəxri xiyabana gələrək sənətkarın xatirəsini anıblar.

Gülxar Həsənovanın məzarı önünə əklil və gül dəstələri qoyulub.

Anım mərasimində əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, Hafiz Quliyev və başqaları çıxış edərək görkəmli sənətkarın mənalı ömür yolu və zəngin yaradıcılığından söhbət açıblar. Bildirilib ki, Prezident İlham Əliyevin bu il avqustun 15-də imzaladığı sərəncamla Gülxar Həsənovanın yubileyi münasibətilə silsilə tədbirlər keçirilib, xatirəsi ehtiramla olunub.

Qeyd olunub ki, Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən unudulmaz obrazlar yaradıb, uzun illər aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazıb. Ölməz sənətkar səhnə fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb. Üzeyir Hacıbəylinin məsləhəti ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına işə qəbul olub. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Opera və Balet Teatrının səhnəsi ilə bağlı olub. O, burada parlaq, koloritli obrazlar qalereyası yaradıb.

Vurğulanıb ki, Gülxar Həsənovanın yaradıcılığının zirvəsi Müslüm Maqomayevin “Şah İsmayıl” operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən Gülxar Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib. Onun sənət fəaliyyəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Sonda ailəsi adından mərhumun bacısı oğlu Mail Əliyev çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirib.