Aprelin 22-dən 27-dək Bakıda Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Open.az xəbər verir ki, X dəfə keçirilən Festival Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Rusiya, Almaniya, İsveçrə, İspaniyadan dünya şöhrətli musiqiçi və kollektivlər – İsveçrənin Lozanna Kamera Orkestri, Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, “Münchenklang” Orkestri və başqaları iştirak edəcəklər.

Festival çərçivəsində aprelin 26-da Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, aprelin 27-də isə Almaniyanın “Münchenklang” orkestri və xoru çıxış edəcək.

Aprelin 26-da keçiriləcək konsertin dirijoru Fuad İbrahimov, solisti Pablo Fernandesdi (cello), aprelin 27-də isə festivalın təntənəli bağlanış konsertinin dirijoru Tomas Hefele, solistləri Anna Karmazin (soprano) və Lüdviq Mittelhammer (bariton) olacaq.

Konsert proqramlarında Cüzeppe Verdi, Kamil Sen-Sans, İqor Stravinski, Qabriel Fore və Frans Şubertin əsərləri səsləndiriləcək.