Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, tarixi abidələri və müxtəlif elm sahələri haqqında məqalə yaradılması, zənginləşdirilməsi və redaktə olunması prosesi davam edir.

Open.az xəbər verir ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində humanitar mövzularla yanaşı, ölkəmizin təbiətinə, fauna və florasına aid məqalələr yaradılır. Adları “Qırmızı kitab”a düşmüş meşə dələsi, şahin, ağbaş kərkəs, kürənbaş qızılquş, məzar qartalı, qılquyruq ördək, qara leylək, dovdaq, monqol hörücüsü, boz kəklik, boz durna və digər nəsli kəsilmək üzrə olan heyvanlar haqqında ümumilikdə 60-a yaxın məqalə yaradılıb və əsaslı redaktə olunub.