Open.az Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) Venesiya Film Festivalı ilə bağlı yazısını təqdim edir:

1932-ci ildə “Esposizione Internazionale d’Arte Cinematografica” adı ilə yaradılan və dünyanın ən qədim film festivalı sayılan, əsas mükafatları- Qızıl Şir ( ən yaxşı filmlər üçün), Volpi Kuboku (ən yaxşı aktyor və aktrisalar üçün) olan Venesiya Kino Festivalı hər il avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir.

Qeyd edək ki, 2020-ci ildə keçiriləcək festivalla bağlı xarici mətbuat hələ yanvar ayında məlumat vermişdir. Məlumatda bildirilir ki, festivala ev sahibliyi edən Venesiya Bienalindən verilən açıqlamada, Paolo Barattanının sədrliyi ilə 10 yanvarda bir araya gələn idarə heyətinin qərarı ilə 77-ci Venesiya Film Festivalının jüri sədrliyi üçün Keyt Blançet seçilib. Festival bu il 2-12 sentyabrda Venesiyanın Lido Yarımadasında baş tutacaq. Qızıl Şir mükafatı isə sentyabr ayının 12 –də öz sahibinə təqdim olunacaq. Bu xəbərlə festival haqqında dəqiq məlumat yayılsa da, bir neçə ay sonra baş verən və dünyanı bürüyən pandemiya artıq başqa söz deyirdi. Yəni, nəyin, nə zaman keçiriləcəyi, ümumiyyətlə nələr olacağı müəmmalı olaraq qalırdı.

Kinometro.ru-nun yeni məlumatına əsasən, Venesiya kinofestivalının bu payızda keçiriləcəyinin dəqiq məlumat olduğu təsdiqlənir. Qərar 24 May Bazar günü Veneto bölgəsinin qubernatoru Luka Zaya tərəfindən təsdiqlənib. Festival sentyabr ayının 2-dən 12-dək keçiriləcək.

Məlumatda o da qeyd olunur ki, bu ilki festivalda az film nümayiş olunacaq. Bu da o deməkdir ki, çox az sayda dünya kino ulduzları festivalda iştirak edəcək. Bundan başqa, hələ may ayının əvvəlində festival kino sənayesi rəhbərlərini qarşıdan gələn hadisə ilə bağlı problemlər və təkliflər barədə sorğu-sual edib. Kinofestivalın bədii rəhbəri Alberto Barberin imzaladığı məktub kinematoqrafçıların, aktyorların və prodüserlərin festivala gəlmək istədiklərini öyrənmək məqsədi daşıyırdı. Cavablar isə dəqiq olmayıb.

Yeri gəlmişkən, İtaliya Avropa turistləri üçün öz sərhədlərini iyunun 3-də yenidən açacaq və ölkəyə gəlmək üçün məcburi karantin məhdudiyyətlərini ləğv edəcək. Kino baxışının nümayəndələrinə gəlincə, hələ ki, gələcək festivalın dəqiq detallarını vermirlər. Sadəcə yanvar ayında Kate Blanchettin münsiflər heyətinin prezidenti olacağı qərarı dəyişməz qaldığı bildirilir.