Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı sərəncamına uyğun olaraq dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi bütün dünyada geniş şəkildə qeyd olunmaqdadır.

Open.az AYB-ə istinadən xəbər verir ki, bununla əlaqədar, Şotlandiyanın St.Andrews Universitetində yaradılan Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Beynəlxaq Türk Mədəniyyəti və İrsi Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin birgə dəstəyi ilə böyük şair və mütəffəkirin doğum gününə həsr olunmuş poeziya gecəsi keçirilib.


Beynəlxaq Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbiri St.Andrews Universiteti Azərbaycan Cəmiyyətinin rəhbəri Aslan Şıxəliyev açaraq, Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verib, onun zəngin bədii irsindən bəhs edib. O, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya göstərdiyi diqqətə və Nəsiminin seçilmiş qəzəllərindən ibarət kitabların St.Andrews Universitetinin kitabxanasına hədiyyə olunmasında dəstəyə görə xüsusi minnətdarlığını bildirib.

Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın tədbir iştirakçılarına ünvanlanmış müraciəti oxunub. Məktubda Nəsiminin yalnız Azərbaycan xalqının deyil, bütün Türk Dünyasının dahi şairi olduğu qeyd olunub.

Gecədə müxtəlif ölkələrdən gələn tələbələrin ifasında Nəsiminin qəzəlləri Azərbaycan milli musiqisi sədaları altında səsləndirilib və şair haqqında filmdən fraqmentlər nümayiş etdirilib.

Tədbir iştirakçıları Beynəlxaq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sertifikatlarla mükafatlandırılıblar.

Sonda St.Andrews və Oxford Universitetlərindən olan qonaqlara Azərbaycan milli şirniyyatları təqdim olunub.