Havanın soyuq və küləkli olmasına baxmayaraq, bu dəfə dəniz kənarında, isti bir məkanda balıq yemək həvəsinə düşdüm.

Elə bu səbəbdən “Üstü qalsın”ın növbəti buraxılışı üçün “Dərya fish house”a üz tutdum. Adından da bəlli olduğu kimi bu restoran sırf balıq yeməkləri üzrə ixtisaslaşıb. Məkanın çöldən görünüşü dəniz kənarında bir evi xatırladır. Buna səbəb restoranın dizaynında daha çox taxtaya üstünlük verilməsidir. Onu da deyim ki, buranın həyətində uşaqların daha əyləncəli vaxt keçirə bilməsi üçün yelləncəklər, oyun parkı və maraqlı rəsmlər mövcuddur.

Avtomobildən endikdən dərhal sonra restoran işçilərindən biri “yuxarıda boş yerlərimiz var” deyərək məni qarşıladı. Mən də dənizi panoramadan seyr etmək üçün restoranın ikinci mərtəbəsinə qalxdım. Məkanın eksteryerində olduğu kimi interyerində də sadəcə taxtalardan və hər masanın üstündə böyük lampalardan istifadə olunub. Həmçinin dəniz mənzərəsini rahatlıqla izləyə bilməniz üçün böyük pəncərələr quraşdırılıb. Maraqlıdır ki, mən getdiyim zaman “Dərya fish house”da tək azərbaycanlı özüm idim. Digər 4 masanın hər birində ərəb turistlər əyləşmişdi. Burada masalar da taxtadan hazırlanaraq, üzərinə döşəcəklər qoyulub. O döşəcəklərdən bəzilərinin üzərinin deşik olması da diqqətimdən yayınmadı. Həmçinin bütün masalarda ayaq altına qoyulan taxtaların köhnəliyi də restoranın interyerini pozur.

Masama əyləşdikdən sonra tünd zoğalı rəngdə və səliqəli geyimi olan bir ofisiant menyunu təqdim etdi. Menyunun üz qabığını normal hesab etmək olsa da, daxili üçün bunu demək çətindir. Menyunun ilk səhifəsinin cırıq və kirli olması məndə müəyyən şübhələr oyatmağa başladı. İndi isə menyunun tərkibindən danışım. 3-4 səhifədən ibarət olan kitabçanın cəmi 1 səhifəsində əsas yemək, digərində isə sadəcə salatlar mövcuddur. Buradan restoranın yemək menyusunun kasad olması nəticəsinə gəlmək mümkündür. Bir sözlə restoran sizə cəmi 7 növ balıq qızartması və 2 cür balıq yeməyi təklif edir (Balıq buğlaması və turşulu balıq). Həmçinin ən ucuz yeməyin qiyməti 8.00 AZN, ən bahalısı isə 18.00 AZN-dir. Beləliklə 10.00 AZN dəyərində, digərlərinə nisbətən az sümüklü və manqalda hazırlanan “Forel balığı” sifariş verdim.

Telefonumun şarjı bitdiyi üçün elektrik yuvası axtarmağa başladım. Lakin restoranda bir dənə də olsa elektrik yuvası tapmadım. Məcburiyyətdən kassaya yaxınlaşmalı oldum. Ofisiant əli ilə elektrik yuvasını göstərdi. Lakin məsələ burasındadır ki, o da heç işləmirdi. Ofisiantdan “Power bank” gətirməsini xahiş etdim, lakin o da yox idi. Beləliklə yanınızda “Power bank” yoxdursa, dənizkənarı bir restoranda telefonsuz qala bilərsiniz. Bu ərəfədə ofisiant əlində bir podnosla mənə müxtəlif turşular, salatlar və qatıq təklif etdi. Balıq yeyəcəyim üçün mən də zoğal turşusu, pomidor, xiyar və dənələnmiş nar götürdüm.

\

Beləliklə düz 30 dəqiqə gözlədikdən sonra manqalda “Forel balığı” servis olundu. Servis kahının üzərinə qoyulmuş balıq, bir neçə nar dənəsi və nazik doğranmış bir limon dilimindən ibarət idi. Balığın yanında limon və narşərab olmadığı üçün ofisiantdan bunları gətirməsini rica etdim. Maraqlısı budur ki, 30 dəqiqə gözlədiyim yemək heç isti də deyildi. İndi isə balığın dadından bəhs edim. Soyuq olduğu üçün onun bir o qədər də dadlı olduğunu deyə bilmərəm. Hətta qarşımdakının “Farel” olduğundan da bir o qədər əmin deyiləm. Bu arada yeməyin sonlarına yaxın nəhayət gözlədiyim narşərab və limon gətirildi. Rahatlıqla deyə bilərəm ki, bu ikisi 15-20 dəqiqə ərzində servis olundu. Müştərinin az, ofisiantın çox olmasına baxmayaraq servis xidmətinin hansı səbəbdən bu qədər ləng çalışmasını anlamaq mümkün deyil.

Bu arada arxa masadakı ərəblərdən biri məkanın daxilindəki əl-üzyuyana yaxınlaşdı. İnsanların yemək yediyi yerdə əl-üzyuyayın masalara bitişik olması heç də xoş mənzərə deyil. Üstəlik əllərini yuyan müştərinin daha sonra əl-üzyuyana tüpürməsi və mənim buna şahid olmağım artıq restoran barədə fikirlərimi yekunlaşdıran son nöqtə oldu. Axı bu əşya sadə bir divarla yaxud taxtayla da olsa restorandan ayrıla bilər.

Dərhal ofisiantdan hesabı gətirməsini rica etdim. Başı söhbətə qarışan işçilər bir neçə cəhdimdən sonra məni gördü. Kassa oturduğum mərtəbədə olsa da, hesab 20 dəqiqə sonra gətirildi. Digər restoranlarda çörək, limon və narşərab hesablanmadığı halda, burada hər biri 1.00 AZN olmaqla hesaba daxil edilmişdi. Feyxoa kompotu da daxil olmaqla ümumi hesab 21.00 AZN təşkil etdi. “Üstü qalsın”ın bu buraxılışından sonra belə gözəl mənzərəsi və dizaynı olan restoranın yuxarıda sadaladığım məsələlərə diqqət yetirəcəyinə ümid edirəm.

QEYD: Siz də bu məkanla bağlı öz fikirlərinizi müzakirə etmək istəyirsinizsə, “Üstü qalsın” rubrikamızın “Onbranch” tətbiqindəki qrupuna üzv ola bilərsiniz.

Həmçinin, “Onbranch”da qeydiyyatdan keçərək, “Dərya Fish House” restoranın menyusu ilə tanış ola, rezervasiya xidmətindən yararlana bilərsiniz.

Rəvan Rəd