Paytaxtın mərkəzində, Fəvvarələr meydanında vətəndaşların və turistlərin sevərək müraciət etdiyi bir restoran var. Bura həm milli mətbəxi, həm də qədim interyeri ilə məşhurdur. Elə "Üstü qalsın"ın növbəti buraxılışı üçün mən də bu məkana getmək qərarına gəldim. Söhbət məşhur “Firuzə” restoranından gedir. Öncə onu deyim ki, restoranın adının 32 illik tarixi var. Yəni Bakıda ilk dəfə bu adlı restoran 1986-cı ildə indiki “Firuzə”nin üstündə açılıb. Bir müddət işlədikdən sonra restoran bağlanıb. 2006-cı ildə isə yenidən "Firuzə" həmin binanın zirzəmisində, lakin fərqli dizaynda fəaliyyət göstərməyə başlayıb. Beləliklə restoran artıq 12 ildir müştərilərinə yerli və Avropa mətbəxindən yeməklər təqdim edir.

sdsdbs f

Məkana daxil olan kimi qapıda müştərilər üçün qadağan edilən bəzi qanunlarla rastlaşdım. Belə ki, məkanın daxilində siqaret çəkmək, restorana ev heyvanı gətirmək olmaz. Həmçinin başqa bir restorandan içki yaxud yeməklə də “Firuzə”yə daxil ola bilməzsiniz. Pilləkənləri endikdən sonra qapıdakı ortayaşlı gülərüz kişi gödəkcəmi alaraq, qarderoba asdı. Bəhs etdiyimiz şəxs uzun illərdir ki, restoranın işçisidir. Qapıdakı digər ofisiant isə məni boş masalardan birinin yanına qədər müşaiyət etdi. Bundan dərhal sonra restoranın menyusu təqdim olundu. Menyu bu günə qədər getdiyim bir çox restoranlardan çeşid çoxluğu ilə seçilirdi. Sadəcə yemək seçmək bir az vaxt apara yaxud fikrinizi qarışdıra bilər. Ümumi nəzər yetirdikdə menyuda bir az qarışıqlıq hiss olunur. Bundan əlavə hər səhifədəki yeməklərin fotoları ümumiləşdirilərək cəmi bir şəkil olaraq menyuya yerləşdirilib. Aşağıda da göstərdiyimiz kimi, fotolar yeməklərin adına uyğun olaraq rəqəmlərlə göstərilib. Buraya daha çox Avropa və rus turistlərin gəldiyi nəzərə alınaraq, menyudakı yeməklər ingilis və rus dillərində də tərcümə olunaraq, tərkibləri qeyd edilib. Onu da deyim ki, restoranın ən bahalı yeməyi 105.00 AZN dəyərindəki “Tac plov”dur. Bu isə quzunun qabırğası və tərəvəzli plovdan ibarətdir. Ən ucuz yeməyin qiyməti isə 6.50 AZN olan “Yarpaq xəngəli”dir. Beləliklə bu menyuya tam göz gəzdirdikdən sonra “Çoban” salatı, “Tomat” şorbası və “Azərbaycansayağı bozartma” sifariş verdim.

sdsdbs f

Sifarişlərim hazır olana qədər restoranın interyerini müşahidə etməyə başladım. Məkana daxil olan kimi divarlardan, divarların üstünə asılan qədim xalçalardan hiss olunur ki, restoranda “Qədim Azərbaycan” dizaynına üstünlük verilib. Həmçinin buradakı rəngli çilçıraqlar da xoş aura yaradır. Azərbaycanın tarixi abidələrinin əks olunduğu tablolar turistlərin diqqətini cəlb edir. Masaların üzərindəki süfrələrdə buta rəsmləri də məkanın aurası ilə vəhdət təşkil edir. Retro musiqiləri sevənlər də “Firuzə”yə üz tuta bilər.

sdsdbs f

sdsdbs f

Lakin restoran zirzəmidə olduğu üçün ümumilikdə kəskin yemək qoxusu elə məkana daxil olan kimi hiss edilir. Elə buna görə də ilk növbədə havalandırma sistemi gücləndirilməli və zalın qoxusunu dəyişən kiçik aerozollar quraşdırılmalıdır. Zirzəmidə olduğum üçün zaman-zaman telefonumun şəbəkəsində müəyyən kəsilmələr olurdu. Nəticədə telefonla danışmaq üçün çölə çıxmaq məcburiyyətində idim. Şəbəkənin zəif olması səbəbindən internetdən də istifadə edə bilmirdim. Bu səbəbdən ofisiantdan restoranın "WiFi" kodunu istədim. Kodu yazdıqdan sonra da internetdən istifadə edə bilmədim. Çünki restoranın "WiFi" sistemi o qədər zəifdir ki, “WhatsApp”la ismarış belə yollamaq olmadı. Müştərilər buranın yeməklərinin dadlı olduğunu desə də, çox zaman sifarişlərin gecikməsindən şikayətçi olurlar. Bu dəfə mən də bunun şahidi oldum. Belə ki, “Tomat şorbası” 20 dəqiqə sonra gətirildi. Qiyməti 4.50 AZN olan şorbanın yanında ənənəvi olaraq holland pendiri və çörək qurusu servis olundu. Gec gətirilsə də, şorbanın bu günə qədər içdiklərim arasında ən dadlılardan biri olduğunu rahatlıqla deyə bilərəm.

sdsdbs f

Bundan dərhal sonra 4.50 AZN dəyərindəki “Çoban salatı” təqdim olundu. Salatın tərəvəzlərinin, xüsusi ilə də pomidorlarının həddən artıq yekə doğranması heç də xoş deyil. Razılaşıram ki, bu salatda tərəvəzlər xırda-xırda doğranmamalıdır. Amma onu da bilirəm ki, pomidorun başı kəsib tullanmalı və salata qatılmamalıdır. Salatın yanında bir limon da sifariş verdim. Məsələ burasındadır ki, normalda bir limon maksimum 0.50 AZN-ə satılsa da, burada 1.50 AZN-ə gətirildi.

sdsdbs f

Əsas yeməyim olan “Azərbaycansayağı bozartma” isə 25 dəqiqə sonra servis olundu. 14.00 AZN dəyərindəki yeməyin görünüşündən də hiss olunurdu ki, bunun hazırlanması üçün həqiqətən də xeyli vaxt lazımdır. Yemək lavaşın içində quzu maçası, quzu əti, pomidor, göbələk, nar dənəcikləri, nar turşusu və acı bibərdən ibarətdir. Lavaşı açdıqdan sonra gələn yeməyin xoş ətri iştahverici idi. Ət o qədər gözəl bişmişdi ki, ona sadəcə çəngəllə yüngülcə toxunmaq kifayət edirdi. Xırda-xırda doğranan və tam bişən tərəvəzlər də yeməyin dadında mühüm rol oynayırdı.

sdsdbs f

sdsdbs f

Yeməyimi tamamladıqdan sonra ofisiant dərhal masamı təmizləyərək, yaş salfetləri təqdim etdi. Sonda isə hesabı istədim. Qeyd edim ki, “Firuzə”də servis haqqı 10 faizlə hesablanır. Nəticədə xidmətlə birlikdə ümumi hesab 33.30 AZN təşkil etdi.

QEYD: Siz də bu məkanla bağlı öz fikirlərinizi müzakirə etmək istəyirsinizsə, “Üstü qalsın” rubrikamızın “Onbranch” tətbiqindəki qrupuna üzv ola bilərsiniz.

Rəvan Rəd